Marketdən viski oğurlayan şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Kərəm Layiqovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 20 sentyabr 2022-ci il tarixdə, saat 22:05-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "Araz Supermarket" MMC-yə məxsus mağazada qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Kərəm Layiqov həmin mağazaya müştəri kimi daxil olaraq, spirtli içkilərin satıldığı şöbəyə gedib. O, orada 1 litr həcmli şüşə butulkalarda satışı həyata keçirilən, 6 ədəd "Jack Daniels” markalı və 2 ədəd “Chivas” markalı viskiləri əl səbətinə yığıb, gizli yolla talayıb. Beləliklə, Kərəm zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 750 manat maddi ziyan vurmaqla oğurluq edib. Əvvəllər oğurluq və dələduzluq cinayətləri törətdiyi üçün həbsdə olmuş Kərəm Layiqov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, "Araz Supermarket"dən oğurladığı viskiləri Bakı şəhərinə gedərək metronun “20 Yanvar” stansiyasının yaxınlığında və “3-ün kruqu” deyilən ərazidə tanımadığı şəxslərə 240 manata satıb və həmin qazancı şəxsi ehtiyaclarına xərcləyib./pravda.az