MARİXUANA XƏRÇƏNG XƏSTƏLİYİ YARADIR - Araşdırma

Marixuana istifadəsinin xərçəng, şizofreniya və psixi pozğunluqlara səbəb olmasını araşdıran tədqiqat aparılıb.

Stopnarkotik.az bildirir ki, araşdırma məşhur "Yale Universiteti"ndə aparılıb və "Nature" jurnalında dərc olunub. Bir milyondan çox genomdan əldə edilən genetik tərkibli məlumatlar həddindən artıq marixuana istifadəsi və onun digər xəstəliklərlə bağlılığı haqqında yeni təsəvvür yaradır.

Tədqiqatçılar bir milyondan çox insanın genomlarını təhlil etdikdən sonra DNT-nin çətənə  asılılığı ilə bağlı ola biləcək bölgələrini müəyyən ediblər. Onlar həmçinin aşkar ediblər ki, genomun eyni bölgələrinin bəziləri ağciyər xərçəngi və şizofreniya kimi digər xəstəliklərlə bağlantılıdır.

Çətənə asılılığı

“Tədqiqatlar göstərir ki, marixuanadan istifadə artdıqca ondan asılılıq cəmiyyətin sağlamlığı üçün böyük risklər yarada bilər”, deyə Konnektikut ştatının Nyu-Heyven şəhərindəki “Yale Universiteti”nin nevrobioloqu tədqiqatın həmmüəllifi Daniyel Levi “Nature” tibb jurnalında bildirib.

Çətənə preparatlarından istirahət məqsədilə istifadə ən azı səkkiz ölkədə qanunidir və 48 ölkə onun xroniki ağrı, xərçəng və epilepsiya kimi xəstəliklər üçün çətənənin tibbi istifadəsini qanuniləşdirib. Ancaq bu halda da narkotikdən istifadə edən insanların üçdə biri aludəçi olur və ya narkotikdən sağlamlıqlarına zərər verəcək şəkildə istifadə edir. Əvvəlki tədqiqatlar irəli sürmüşdü ki, genetiki komponent mövcuddur və marixuananın problematik şəkildə istifadəsi ilə bəzi xərçəng növləri və psixi pozğunluqlar arasında əlaqə var.

Psixi pozğunluqlar

Levy deyir ki, həm insanın genləri, həm də ətraf mühit narkotik istifadəsi və ondan asılılığa təsir edə bilər. Nəticədə, bu da onların öyrənilməsini olduqca çətinləşdirir. Lakin komanda əlavə mənbələrdən, xüsusən də keçmiş hərbi qulluqçular üçün səhiyyə xidmətini yaxşılaşdırmaq məqsədi daşıyan böyük genetik məlumat bazasına malik ABŞ biobankı “Milyon Veteran” proqramından genetik məlumatları əldə etməklə araşdırmanı əsaslandıra bilib. Təhlildə bir neçə etnik qrup iştirak edib. Bu, marixuanadan sui-istifadəni araşdıran ilk genetik tədqiqat idi.

Tədqiqatçılar genomun araşdırılan bölgələrini tədqiq etməklə yanaşı, həddindən artıq marixuana istifadəsi ilə şizofreniya arasında iki istiqamətli bağlılığı də görüblər, yəni iki amil bir-birinə təsir edə bilər. “London Kral Kolleci”nin psixiatriya üzrə tədqiqatçısı Marta Di Forti isə deyir ki, tapıntı maraq doğurur. Marixuana istifadəsi şizofreniyanın yaranmaması üçün "ən çox qarşısı alınmalı risk faktorudur". Toplanan genetik məlumatlar gələcəkdə çətənə istifadəsi səbəbindən psixi pozğunluqların inkişaf riski yüksək olan insanları meydana çıxarmaq və bunun qarşısını almaq üçün istifadə edilə bilər.

Stopnarkotik.az