Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatdı

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılmış və bununla da, aşkar olunan insan qalıqlarının ən azı 8 nəfər şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.