Malayziya 16 yaşdan kiçik istifadəçilər üçün sosial medianı qadağan etməyi planlaşdırır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə nazir Fəhmi Facil açıqlama verib.
Nazir açıqlamasında, "Ümid edirik ki, gələn ilə qədər sosial media platformaları hökumətin qərarına əməl edəcək və 16 yaşdan kiçik şəxslərə hesab yaratmağı qadağan edəcək", deyə bildirib.
Fəhmi Fagil əlavə edib ki, 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qoyulan qadağa İnternet Təhlükəsizliyi Qanunu çərçivəsində daha geniş tədbirlərin bir hissəsidir. O bildirib ki, platformalardan istifadəçi qeydiyyatı zamanı şəxsiyyət sənədlərini yoxlamaq tələb olunacaq. O qeyd edib ki, Malayziya hökuməti həmçinin Avstraliyada və digər ölkələrdəki kimi sosial mediada yaş məhdudiyyətlərinin tətbiqi mexanizmlərini araşdıracaq.
“Reuters”in məlumatına görə, Malayziya son illərdə onlayn kazinolar və irqi, dini və kral ailəsi haqqında paylaşımlar da daxil olmaqla zərərli məzmunun artması səbəbindən sosial mediaya diqqətini artırıb.
Ölkə hakimiyyəti gəncləri kiberhücum, maliyyə fırıldaqçılığı və uşaqlara qarşı cinsi istismar kimi onlayn zərərlərdən qorumağın vacibliyi niyyətilə bu addıma gedir.
Stopnarkotik.az