"Maarifçilik genişləndirilməli, cəzalar sərtləşdirilməlidir..." – KLİNİK PSİXOLOQ NARKOMANİYADAN XİLAS YOLLARI HAQDA DANIŞDI

“Narkotiklərin qanunsuz dövriyyəsini önləmək üçün həm hüquqi, həm də sosial yanaşmalar tətbiq olunmalıdır”

“Şagirdlərə narkotiklərdən uzaq durmaq üçün yalnız nəzəri məlumatlar deyil, eyni zamanda real nümunələr və həyati təsirlər haqqında məlumat verilməlidir”

“Yeniyetmə və gəncləri narkotikdən uzaq tutmaq üçün ilk növbədə maarifləndirmə aparılmalıdır. Məktəblərdə və universitetlərdə narkotiklərin fiziki, psixoloji və sosial zərərləri haqqında ətraflı məlumat verilməlidir. Gənclər narkomaniyanın qısamüddətli "zövq" yaratmaqdan daha çox, uzunmüddətli zərər verdiyini anlamalıdırlar.

Bu haqda Stopnarkotik.az saytına açıqlamasında Bakı Şəhər Narkoloji Mərkəzin klinik psixoloqu Leyla Məmişova bildirib. Günümüzdə narkomaniya ilə mübarizənin hər bir cəmiyyət üçün zəruri olduğunu qeyd edən L.Məmişova deyir ki, bunun üçün ilk növbədə yeniyetmə və gəncləri sağlam həyat tərzinə yönləndirmək lazımdır: “Onların asudə vaxtlarını sağlam və faydalı şəkildə keçirmələri üçün idman tədbirləri, rəqs, musiqi və digər mədəni fəaliyyətlər təşkil edilməlidir. Aktiv və məşğul həyat tərzi narkotiklərə marağı azaltmağa kömək edir”.

Klinik psixoloq bu fikirdədir ki, yeniyetməlik dövründə psixoloji problemlər (stress, təzyiq, tənha hiss etmək və s.) narkotik istifadəsinə səbəb ola bilər: “Buna görə də psixoloji dəstək xidmətləri bu risklərin qarşısını almaq üçün əlçatan olmalıdır. Təkcə gənclərin yox, ailənin də maarifləndirilməsi narkotiklə mübarizə tədbirlərində mühüm yer tutur. Valideynlər narkotik istifadəsinin ilkin əlamətlərini tanımağı öyrənməli və vaxtında müdaxilə etməlidir. Bundan əlavə, unutmaq olmaz ki, gənclər ailədə dəstək və sevgi gördüklərində problemlərini narkotiklər vasitəsilə həll etməyə çalışmazlar. Ailələr açıq ünsiyyət qurmalı, uşaqlarının sosial ətrafına diqqət yetirməlidir.

Müsahibimiz deyir ki, narkomaniyaya qarşı mübarizədə maarifçiliyin genişləndirilməsi və cəzaların sərtləşdirilməsi bir-birini tamamlayan yanaşmalardır: “Lakin daha uzunmüddətli və təsirli həll yolu maarifçilikdir. Maarifçilik narkomaniyanın köklü səbəblərini aradan qaldırır. İnsanlar narkotiklərin fiziki, psixoloji və sosial zərərlərini dərk etdikdə, onlara maraqları azalır. Maariflənmə narkomaniya ilə bağlı stereotipləri və yanlış inancları aradan qaldırmağa kömək edir. İnsanlar problemi daha yaxşı anlayır və asılı şəxslərə daha çox dəstək göstərir.

Leyla Məmişova hesab edir ki, cəmiyyətdə narkomaniyanın, narkotik ticarətinin qarşısının alınması üçün cəzaların sərtləşdirilməsi mütləqdir: “Yəni maarifçiliklə yanaşı, cəzaların sərtləşdirilməsinin də üstün cəhətləri vardır. Məsələn, qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan qruplar cəza tədbirlərindən çəkinə bilər. Bu, narkotiklərin əlçatanlığını azalda, bundan əlavə, sərt qanunlar, xüsusilə yeniyetmə və gəncləri narkotik istifadəsindən çəkindirə bilər. Bu səbəbdən, güman edirəm ki, hər iki üsulun özünəməxsus üstünlükləri var. Amma, bir daha qeyd edim ki, əsas həll yolu maarifçilikdir. Çünki bu, problemi kökündən həll etməyə yönəlmişdir. İnsanlar narkotiklərin zərərlərini və risklərini anladıqda, onlara maraqları azalır. Cəzaların sərtləşdirilməsi isə əsasən nəticələrlə mübarizə aparır, yəni ticarət və istifadə proseslərini məhdudlaşdırmağa çalışır.

Bu səbəbdən, əksər ekspertlər hesab edir ki, maarifçilik və cəzaların birləşməsi daha effektivdir. Cəmiyyətdə məlumatlandırma artırılarkən, qanunsuz dövriyyə ilə bağlı qanunların icrası gücləndirilməlidir. Bu iki yanaşmanın balanslı tətbiqi cəmiyyətin narkomaniyadan xilas olması üçün ən optimal həll yoludur.

L.Məmişova onu da dedi ki, tanınmış insanların narkomaniyaya qarşı təbliğat işlərində iştirak etməsi cəmiyyətə müsbət təsir göstərir. Yeniyetmə və gənclər bu şəxsləri rol modeli kimi qəbul edir və onların fikirlərinə daha çox önəm verir: Müğənnilər, aktyorlar, blogerlər, jurnalistlər və digər sənət adamlarının sosial mediada və ictimai platformalarda böyük izləyici kütləsi var. Onların mesajları qısa müddətdə daha geniş auditoriyaya çata bilər. Eyni zamanda, yeniyetmə və gənclər sevdikləri məşhurları, onların həyat tərzlərini təqlid edirlər. Bir müğənni və ya aktyor narkotiklərdən uzaq durmağın vacibliyi haqqında danışarsa, bu mesaj daha təsirli ola bilər.

Narkotik satışını önləmək və narkotik maddələri insanlar üçün əlçatmaz etmək narkomaniyaya qarşı mübarizənin əsas istiqamətlərindən biridir. Bunun üçün müxtəlif sahələrdə kompleks tədbirlər həyata keçirilməlidir.

İlkin olaraq narkotik alış-verişi üçün potensial məkanlara nəzarət gücləndirilməlidir. Bura daha çox gecə klubları, əyləncə məkanları, parklar, məktəb və universitetə yaxın ərazilər, tikinti sahələri və s. daxildir.

Bunlardan əlavə, son vaxtlarda sosial şəbəkələrdən narkotik alqı-satqısı üçün geniş istifadə olunur. Dark web və digər rəqəmsal platformalarda narkotik satışı ilə məşğul olan şəbəkələr izlənilməli və bloklanmalıdır. Sosial şəbəkələr və digər onlayn platformalarda narkotik satışını təşviq edən kontentlər dərhal silinməli və bu fəaliyyətlə məşğul olanlar cəzalandırılmalıdır.

Narkotiklərin qanunsuz dövriyyəsini önləmək üçün həm hüquqi, həm də sosial yanaşmalar tətbiq olunmalıdır. Bu proses yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və tanınmış şəxslərin birgə səyləri ilə daha təsirli ola bilər. Kombinasiya edilmiş tədbirlər narkotiklərin əlçatanlığını azaldaraq narkomaniya ilə mübarizədə mühüm irəliləyişlərə səbəb ola bilər.

Klinik psixoloq hesab edir ki, narkomaniyanın zərərləri ilə bağlı maarifləndirmə işləri aparılması üçün təhsil sistemində ciddi dəyişikliklərə ehtiyac var: Xüsusilə, bu sahədə maarifləndirmə işinin daha sistemli və effektiv olması üçün ayrıca dərs vəsaitlərinin hazırlanması mühüm rol oynaya bilər. Bu yanaşma həm təhsilin keyfiyyətini artırar, həm də gənc nəslin bu problemə qarşı hazırlıqlı olmasını təmin edər.

Profilaktika erkən yaşdan başlamalıdır. Narkomaniya ilə bağlı maarifləndirmə işi erkən yaşlardan başlayaraq, pilləli şəkildə aparılmalıdır. Gənclər narkotiklərin fiziki, psixoloji və sosial zərərləri haqqında dolğun məlumat almalıdırlar. Təhsil müəssisələrində narkotiklərlə bağlı məlumat kifayət qədər dərin deyil. Mövcud dərslərdə bu mövzu çox ümumi şəkildə izah olunur və gənclərin diqqətini cəlb etmir. Şagirdlərə narkotiklərdən uzaq durmaq üçün yalnız nəzəri məlumatlar deyil, eyni zamanda real nümunələr və həyati təsirlər haqqında məlumat verilməlidir.

Müsahibimiz deyir ki, dərs vəsaitləri 3 mərhələli, yəni ibtidai, orta və yuxarı siniflər üçün ayrıca hazırlanmalıdır: “İbtidai siniflər üçün olan dərs vəsaitində sağlam həyat tərzinin əsasları öyrədilməli, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi sadə dildə vurğulanmalıdır.

Orta siniflər üçün narkotiklərin sağlamlığa və sosial həyata təsiri ətraflı şəkildə izah edilməlidir.

Yuxarı siniflər üçün isə hüquqi nəticələr, narkotik asılılığının müalicəsi və sosial problemlər barədə məlumat verilməlidir.

Eyni zamanda, bu dərs vəsaitinə yalnız nəzəri biliklər deyil, narkotiklərlə bağlı suallar, müzakirələr, qrup layihələri və real hadisələrə əsaslanan nümunələr də daxil edilməlidir.

Hesab edirəm ki, narkomaniya mövzusu biologiya, həyat bilgisi, psixologiya və hüquq dərslərinə inteqrasiya edilə bilər. Narkomaniyanın zərərləri ilə bağlı ayrıca dərs vəsaitinin hazırlanması və təhsil sistemində dəyişikliklərin aparılması bu bəlaya qarşı mübarizədə əsaslı addım ola bilər. Təhsil prosesi yalnız məlumat vermək üçün deyil, həm də gənclərin düşüncə tərzini dəyişmək və onların sağlam seçimlər etməsinə şərait yaratmaq üçün istifadə olunmalıdır. Bu yanaşma narkotiklərə qarşı kollektiv immunitetin formalaşdırılmasına kömək edəcəkdir.

(Ardı var)

Hazırladı: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az