Gürcüstanlı "qanuni oğru" "Matsi" ləqəbli Mahara Qvaramiya Türkiyədə hücuma məruz qalıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, "Matsi" türk "qanuni oğru"ların sifarişi əsasında ölümcül döyülüb. Hazırda kriminal aləmdə Roko Tbilisski, Arman Kaluqa və Timur Quli kimi şəxslərin sui-qəsdində iştirak edən "Matsi" Türkiyədə xəstəxanaların birində reanimasiya şöbəsinə yerləşdirilib.
Digər məlumata görə, 22 il məhbus həyatı yaşayan "Matsi" mərhum "qanuni oğru" "Lotu Quli"nin (Nadir Sələfov - red.) yaxın dostu olub. Bildirilir ki, "Lotu Quli"nin sui-qəsdindən sonra "Matsi" Sələfovlar ailəsi ilə dostluq etməyə çalışsa da, buna nail ola bilməyib. Nadir Sələfovun qardaşı "Namiq Bakinski" (Namiq Sələfov - red.) "Matsi"ni bütün işlərdən uzaqlaşdırıb.