Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fiziki şəxs İsmayılov Gülabba Ələkbər oğluna məxsus 77-AL-754 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Stopnarkotik.az-a verilən məlumata görə, baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayiətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub.
Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ət dövriyyədən çıxarılıb.
Araşdırmalar davam etdirilir.