KREML KURSKUN İŞĞALINI DAYANDIRA BİLMİR - Zelenski yeni uğurları elan etdi

Rusiya Ukraynadakı işğalçı ordu qüvvələrinin bir hissəsini Ukrayna Silahlı Qüvvələrinin irəlilədiyi Kursk bölgəsinə çəkməyə başlayıb.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi Kursk vilayətindəki vəziyyətin qiymətləndirilməsi barədə danışmaqdan imtina edib, lakin ABŞ-nin “Kursk bölgəsinə bəzi canlı qüvvə və texnikanın yerləşdirilməsi kontekstində Rusiyanın reaksiyasını müşahidə etdiyini” deyib. Bununla yanaşı, Kirbi Rusiyanın Ukrayna cəbhəsindən nə qədər qüvvə çəkdiyi barədə dəqiq məlumat verməyib və deyib ki, vəziyyət hələ ABŞ üçün də aydın deyil. Bu, o deməkdir ki, Putinin Kursku azad etmək üçün ciddi sayılacaq miqdarda qoşunları Ukraynadan çəkib-çəkməyəcəyi sualı açıq qalır. Belə görünür ki, hələ Kremlin özü də bu suala dəqiq cavab verməyə hazır deyil və hər şey Kurskdakı döyüşlərin gedişatından asılı olacaq.

Ancaq məsələ təkcə Kurskla bitmir. Belqorod vilayətində də federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib. Vilayətin qubernatoru deyib ki, vilayətdə vəziyyət son dərəcə ağırdır. Sərhəd bölgələrinə giriş bağlanıb, əhali təxliyə edilir. Kreml Kurskla yanaşı, Belqorod vilayətinə də əlavə qüvvələr göndərir. Bunu Belqorod qubernatoru ilə görüşdə Rusiyanın Müdafiə naziri Andrey Belousov deyib: “Söhbət ilk növbədə komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılmasından, eləcə də əsas tapşırıqların yerinə yetirilməsi üçün göndəriləcək əlavə qüvvə və vasitələrin ayrılmasından gedir”. Ancaq maraqlıdır ki, Belousov “idarəetmə sisteminin səmərəliliyindən” danışarkən nəyi nəzərdə tutur? Əgər idarəçilik, o cümlədən də onun rəhbərlik etdiyi nazirliyin idarəçiliyi səmərəli olsaydı, bugünkü vəziyyət yaranmazdı...

Bir sözlə, görünən odur ki, Kreml alıdığı qəfil və güclü zərbədən özünə gəlməyə çalışsa da, hələ ki, buna nail ola bilmir və çaş-baş vəziyyətdədir. Çıxış yollarından biri kimi isə çağırışçıların, yəni, 18-20 yaşında gənclərin Kurska atılmasını görür. Baxmayaraq ki, Ukraynanın hücumun ilk günlərində əsir götürdüyü və məhv etdiyi də əsasən çağırışçılar olub. Sudja şəhərini ələ keçirərkən rekord sayda əsir düşən rus əsgərlərinin çoxu çağırışçılardır və onlar təbii ki, bu cür əməliyyatlara qətiyyən hazır deyillər.

“Forbes” nəşrinin analitiki Devid Axın yazdığı kimi, Rusiyada rəsmi olaraq çağırışçılar 18-30 yaş arasında hərbi xidmətə cəlb edilirlər və onlar qətiyyən döyüş əməliyyatlarında iştirak etməməli, yalnız cəbhənin ikinci xəttində yerləşdirilməli idilər. Təcrübəli və daha yaxşı silahlanmış Ukrayna briqadalarının qarşısında onların heç bir şansı yoxdur və təsadüfi deyil ki, təslim olan rus hərbçilərin sayının 2 mini ötdüyü bildirilir. Buna baxmayaraq, Kremlin qatı təbliğatçılarından olan Duma deputatı, general Andrey Qurulyov Vladimir Solovyovun son verilişində açıq şəkildə çağırışçıların da qaynar döyüş əməliyyatlarında iştirak etməyə borclu olduğunu dedi. Hətta İkinci Dünya müharibəsi və Əfqanıstan müharibəsini misal gətirərək qeyd etdi ki, bu savaşlarda indiki kimi müqaviləli əsgərlər olmayıb və orada adi çağırışçılar iştirak edib. O, xüsusilə də müharibənin Rusiya ərazisində getdiyini vurğulayaraq, “vətənə sədaqət andı içmiş” hər bir gənc əsgərin döyüşə və ölümə hazır olmalı olduğunu qeyd edib. Maraqlıdır ki, Solovyov da onun dediklərini təsdiqləyib, baxmayaraq ki, özünün çağırışçı yaşında olan övladları heç də orduda yox, xaricdədir...

Onu da qeyd edək ki, Putin müharibənin ilk vaxtlarında çağırışçıların heç bir halda döyüş zonasına göndərilməyəcəyini vəd etmişdi. İndiyə qədər Putinin vədlərilə əməlləri arasındakı fərqlərə nəzər yetirsək, bu vədin də pozulmasında qeyri-adi heç nə yoxdur.

Xatırladaq ki, Rusiyada çağırışçıların sayı 250-300 min civarında olur. Bu, kifayət qədər böyük say olsa da, onların hazırlıq və təchizat səviyyəsi əlbəttə ki, qaynar döyüşlərdə effektiv şəkildə iştirak etməyə imkan vermir...

Qərb KİV-ləri yazır ki, Rusiya artıq Ukraynanın Kursk bölgəsinə hücumunu dəf etmək üçün Ukrayna cəbhəsindən hər birində min nəfərə yaxın şəxsi heyət olan bir neçə qrupu geri çəkib. Lakin bu, ciddi sayılacaq miqdar deyil. Bu barədə CNN kəşfiyyat məlumatlarına istinadla məlumat verib: “Rusiyanın Ukraynada cəbhədə yüz minlərlə əsgəri var. Buna görə də rəsmilər deyirlər ki, bir neçə min əsgərin oradan çıxarılması həmin cəbhəyə qısa müddətdə böyük təsir göstərməyəcək”. Bununla yanaşı, CNN qeyd edir ki, vəziyyət tam aydın deyil. Bilinmir ki, Rusiyanın cəbhədən Kurska göndərəcək əlavə qüvvəsi olmadığı üçün bunu etmir, yoxsa Kreml sadəcə, belə bir qərar verməkdə tərəddüd edir. Kəşfiyyatın yüksək rütbəli məmurlarından biri CNN-ə deyib ki, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynadan olan bölmələrlə yanaşı, Leninqrad Hərbi Dairəsindən və Kalininqraddan da Kursk vilayətinə şəxsi heyət göndərib. CNN həmçinin iddia edir ki, ABŞ Ukraynaya Kursk bölgəsində 300 km-ə qədər mənzilli ATACMS taktiki raketlərindən istifadə etməyə hələ də icazə vermir. Lakin bu, ABŞ-nin eskalasiyadan qorxduğu üçün deyil, bu raketlərin sayının az olması və Amerika hərbçilərinin həmin raketləri Krımda istifadə etməyi daha məqsədəuyğun hesab etməsi ilə əlaqədardır.

Bu arada isə Ukrayna Silahlı Qüvvələri daha bir neçə yaşayış məntəqəsinə daxil olub. Onların arasında Vyazovoye kəndi də var. Qeyd olunan ərazidə ukraynalı hərbçilərin olmasını əks etdirən fotolar dərc edilib. Beləliklə, Ukrayna bir qədər ləng olsa da, irəliləyir.

Artıq Kursk vilayətinə hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 1150 kvadratkilometr ərazini əhatə edən 82 yaşayış məntəqəsini nəzarətə götürüb. İrəliləyişin dərinliyi 35 kilometrə çatıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bunu Volodimir Zelenskiyə məruzəsində deyib. Sırski həmçinin, Kursk vilayətində ilk hərbi komendantlığın yaradılması haqqında məlumat verib və bildirib ki, hərbi komendant general Eduard Moskalyov təyin olunub. Bəli, son günlərin Kreml üçün ən ağrılı xəbəri yəqin ki, budur - Rusiya ərazisində başqa bir dövlət hərbi komendantlıq yaradır! Görünür, Putin müharibənin gedişində dəfələrlə “hər şey plan üzrə gedir” deyərkən, bunu da nəzərdə tuturmuş.../azpolitika.info