“KORRUPSİYA CƏBHƏSİ”NİN “QƏHRƏMAN” GENERALLARI... – Və əsl general adına kimlər daha çox layiqdir?

"20 milyonu kabinetində Nəcməddin Sadıqova vermişəm... Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi...”

Bunu Müdafiə Nazirliyinin bir neçə generalının, polkovnikinin, idarə rəislərinin adı keçən korrupsiya cinayətləri ilə bağlı keçirilən məhkəmədə polkovnik Məlikməmməd Qurbanov deyib.

Doğrusu, belə ifadələr N.Sadıkov deyil, hansısa bələdiyyə sədri, “JEK” müdiri barədə verilsəydi, həmin adam çoxdan dəmir barmaqlıqlar arxasında idi. Ancaq başqa bir generalın - Xanlar Vəliyevin başçılıq etdiyi Hərbi Prokurorluq nədənsə bu qədər şahid ifadələrinə və sübutlara rəğmən, Sadıkova “gözün üstə qaşın var” demir, ya da deyə bilmir...

Ümumiyyətlə, ordu generallarının və polkovniklərinin 100 milyonlarla ölçülən korrupsiya əməllərinə dair cinayət işinin araşdırılması prosesi bir çox xüsusiyyətlərinə görə “MTN işi”nə bənzəyir. Orada da çoxlu sayda generalların, polkovniklərin adları hallandı, dövlətin, dövlətçiliyin dayağı olmalı olan bir güc strukturuna yaraşmayan dəhşətli, biabırçı faktlar üzə çıxdı, böyük-böyük rütbələr daşıyan bu şəxslər əslində, nə qədər cılız olduqlarını nümayiş etdirdilər, günahı bir-birilərinin üzərinə atdılar, bir çoxları həbsə atıldı(böyük əksəriyyəti artıq azadlıqdadır-C.M.) və sair. Ancaq ifşa prosesi hansısa səviyyəyə qədər çataraq oradaca “ilişib qaldı”. İndi də buna bənzər proses sabiq Baş Qərargah rəisində - N.Sadıkovda “ilişib”. Şahidlər, ittiham olunan zabitlər ordudakı yeyinti, talama sisteminin uzun illərdən bəri mövcud olduğunu açıq etiraf edirlər. Ancaq nə işdirsə, görünür, bütün bunlardan nə Hərbi prokurorun, nə də nazirin xəbəri olmayıb... 

Ümumiyyətlə, çoxları Azərbaycanda generalların sayının çox olmasından gileylənirlər. Doğrudan da bir fəxri adın, mükafatın, elmi dərəcənin, yüksək hərbi rürtbənin gözdən salınmasının ən qısa yolu onu kimə gəldi – layiq olana da, olmayana da verməkdir. Lakin əksər hallarda həmin şəxslərin tutduqları yüksək vəzifə qanunvericiliklə general rütbəsinin verilməsini zəruri edir. Bu zaman isə istər-istəməz, vəzifəsindən irəli gələrək, layiq olan da, olmayan da general rütbəsi daşımış olur. Sonradan isə bu cür cinayət, korrupsiya faktları üzə çıxanda, bu işlərə bulaşmış adamların nə mənəviyyat, nə zabit şərəfi, nə də digər kriteriyalara görə gerçək general adının, rütbəsinin heç həndəvərinə də yaxın buraxılmamalı olan adi möhtəkir, alverçi zehniyyətinin daşıyıcıları olduğu məlum olur. Bunu “MTN işi”ndən “Tər-tər işi”nə qədər bilinənlər, nəhayət, hazırda davam edən və general Nizami Məmmədovun həbs edildiyi, N.Sadıkovun isə adı keçən məhkəmə işləri də bariz şəkildə nümayiş etdirir.

İndi xirtdəyə kimi rüşvətə, korrupsiyaya, çirkaba batmış, büdcə oğrusu olanlar, əsgərin boğazından kəsib özünə milyonlar qazananlar, villalar tikənlər də general sayılır, Səməd bəy Mehmandarov, Həzi Aslanov, Polad Həşimov, Hikmət Mirzəyev və digər layiqli generallarımız da. Yaxşı ki, hərb tariximizdə belə generallarımız da olub və var. Yaxşı ki, “general” deyəndə ilk növbədə onlar ağıla gəlir, Nəcməddin Sadıkov, Eldar Mahmudov və digər bu kimilər yox...

Klassik anlamda general həm də sərkərdədir. Keçmişdə bir çox ordularda adı nəinki hansısa biabırçı əməllə ləkələnmiş, hətta döyüşdəki məğlubiyyətə belə dözməyərək, zabit şərəfinin zədələndiyini düşünərək özlərini güllələyən zabitlər, generallar olub. Çünki “zabit şərəfi” anlayışı müqəddəs idi və əslində, bunun nə demək olduğunu anlayanlar üçün elə indi də müqəddəs olmalıdır. Ancaq nə yazıq ki, zəmanə xeyli dəyişib...

Bu gün orduda, əsl hərbçilər arasında səngərdəki, dağ başındakı əsgərlə öz yemək payını, “kontur”unu paylaşan, onu göz bəbəyi kimi qoruyan gənc leytenant isti kabinetlərdə oturub bazar alverçisi kimi pul bölüşdürən, yanaqları “par-par yanan”, bəzi rüşvətxor, talançı, “şalvarı qırmızı xətli” generallardan daha doğma, daha hörmətli və daha yüksək RÜTBƏ daşıyıcılarıdır - əsl generallar da elə onlardır!

Cəlal Məmmədov