"Məişət zorakılığının əsasən yaxın qohumlar arasında baş verdiyi məlumdur, amma təcrübədə ərin yaxın qohumlarının da həyat yoldaşına zorakılığı hallarını görürdük. Bu baxımdan qanunun subyektinin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var idi. Bildiyiniz kimi boşanmaların əsas səbəblərindən biri də kənardan ailələrə müdaxilələrdir".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Mili Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.
Komitə rəsmisinin sözlərinə görə, qanuna təklif edilən əsas dəyişikliklərdən biri də dövlət qurumlarının ailə münasibətlərinin qorunub saxlanması üçün addım atmalı olduqlarına dair müddəanın çıxarılmasıdır. "Beynəlxalq təşkilatlar bizə tövsiyə edirdilər ki, dövlət qurumları ailə münasibətlərin qorunması ilə bağlı tədbirlər görməlidirlər. Yəni, barışdırmalardan söhbət gedir. Lakin biz gördük ki, dövlət qurumları bu istiqamətdə addımlar atanda faciəvi hallar meydana gəlirdi. Hətta hadisənin səhəri günü bir neçə rayonda qətl hadisələri baş vermişdi".