Komissar və işçilərinin məhkəməsi: "Rüşvət alan var, rüşvət verən isə yoxdur"

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə başlayıb.

Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin Şükürovun vəkili Abbas Atakişiyev çıxış edib.

O bildirib ki, müvəkkili əməliyyat olunub, onun ciddi eşitmə problemi var. Vəklil müdafiə etdiyi şəxsin vəkilləri ilə yanaşı əyləşməsini istəyib.

Ramin Şükürov özü də deyib ki, eşitmə qabiliyyəti çox zəifdir, qulaqlarının heç birində pərdə yoxdur.

Ramin Şükürovun digər vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkili tibb müəssisədə saxlanılır. Qapalı tibb müəssisəsində müvəkkili ilə görüşünə 15 gündən çoxdur şərait yaradılmır: "Xahiş edirik ki, bizim görüşməyimiz üçün məhkəmə məktub versin. Biz də müdafiə taktikamızı qura bilək".

Hakimin sözlərinə görə, vəkillə müvəkkilinin görüşməsi üçün heç bir problem yoxdur: "İlk dəfə belə bir məsələ qalıdırılır. Biz yenə də vəkilin müvəkkili ilə görüşməsi üçün elektron sistemə məktub yerləşdirərik".

Müşavirə keçirən hakimlər Abbas Atakişiyevin vəsatətini təmin ediblər. Ramin Şükürovun vəkilləri ilə yanaşı əyləşməsinə imkan yaradılıb. Ramin Şükürov şüşə qəfəsdən çıxarılaraq konvoy heyətinin müşayəti ilə vəkilləriylə yanaşı əyəşdirilib.

Daha sonra dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Daha sonra hakim sübutların araşdırılması mərhələsi üçün tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin, sonra iş üzrə şahidlərin dindirilməsini təklif edib.

Təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz ediblər. Vəkil Ceyhun Yusifov bildirib ki, müvəkkili Ramin Şükürova iki nəfərin ifadəsi əsasında ittiham verilib: "İstintaq bu şəxslərin ifadəsini alandan sonra ağır cinayətlə bağlı ittiham tərtib edib. Buna görə də biz müdafiə tərəfi olaraq əvvəlcə şahidlərin dindirilməsini istəyirik".

Ramin Şükürovun digər vəkili Abbas Atakişiyev deyib ki, burada rüşvət alanlar var, rüşvət verənlər yoxdur: "Biz də rüşvət verən şahidlərin dindirilməsini istəyirik. Onlar danışsınlar görək, bu cinayət işi necə ərsəyə gəlib... Təqsirləndirilən şəxslər özlərini təqsirli saymırlar. Burda şahidlər var ki, rüşvət veriblər, onlar cinayət məsuliyyətindən kənarda qalıblar. Onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Biz əvvəlcə rüşvət verən şahidlərin dindirilməsini istəyirik".

Digər vəkillər və təqsirləndirilən şəxslər də əvvəlcə şahidlərin dindirilməsi istəyiblər. Yerində müşavirə keçirən hakimlər heyəti sübutların araşdırılması qaydasının müəyyən edilməsi barədə qərar qəbul ediblər.

Qərarda göstərilib ki, əvvəlcə iş üzrə şahidlər dindiriləcək, sonra isə təqsirləndirilən şəxslərin ifadəsi alınacaq.

Növbəti proses sentyabrın 1-də davam edəcək.