Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmədə və xuliqanlıqda təqsirləndirilən Vahid Məlikovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Vahid Məlikovun bacısı ilə Lənkəran rayon sakini zərərçəkmiş Katib Dadaşov (şərti) 25 iyul 2022-ci il tarixdə yaşadığı evdə növbəti dəfə görüşüb. Həmin vaxt zərərçəkmiş qadının könüllü razılığı əsasında cinsi əlaqədə olduqları anı telefon vasitəsi ilə qeydə alıb. Sonra intim videogörüntü 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılıb. Vahid isə bundan 31 avqust 2022-ci il tarixdə xəbər tutaraq övladı və qardaşı övladı ilə birgə Katibi həmin gün saat 23:50 radələrində onun yaşadığı evin qarşısından küçəyə çağırtdırıb. Həmin şəxslər onlara yaxınlaşan zərərçəkmiş şəxsin qollarından tutub avtomobilə əyləşdirib Ulum çayının kənarına aparıblar. Sonra onlar Katibin hər iki qolundan tutub müqavimətini qıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirərək xəsarət yetiriblər. Daha sonra təqsirləndirilən şəxslər onu kənd sakinləri arasında rüsvay etmək məqsədi ilə zorla əyninə qırmızı rəngli qadın yubkası və koftası geyindirib, eyni qaydada avtomobillə yaşadığı ərazidəki çayxananı qarşısına gətiriblər. Katibi qadın paltarında çayxanada nümayiş etdirdikdən sonra digər çay evinə yollanıblar və orada da təhqiredici hərəkətlər ediblər. Daha sonra onu sərbəst buraxan Vahid, oğlu və qardaşı oğlu evə gediblər. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə onların hər biri 1 il sınaq müddəti təyin edilməklə, 3 il müddətinə şərti cəzaya məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya protestini qismən təmin edib, Lənkəran Rayon Məhkəməsinin çıxardığı hökmü dəyişdirib və Vahid Məlikov 3 il 4 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib./pravda.az