Keçmiş hərbçi əlil qadına qarşı dələduzluq etdi - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Elvin təqaüd düzəltmək adı ilə Rehana qarşı dələduzluq edib. 

Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, Elvin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 2022-ci ilin iyul ayında müalicə aldığı Sumqayıt şəhəri, 4 saylı xəstəxanada olduğu zaman orada tanış olduğu həmin vaxt xəstəxanada müalicə alan Rehana dayandırılmış təqaüdün tanışlarının vasitəsilə bərpa edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verib. 

O, həmin işin görülməsi müqabilində 19 iyul 2022-ci ildə 4 saylı xəstəxananın həyətində Rehandan1500 manat alıb.

Hadisəni törədən Elvinin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 20-ci mikrorayonda yaşayır, ailəlidir, 2 azyaşlı övladı var: “2007-2011-ci illərdə H.Əliyev adına Ali Hərbi Akademiyanı bitirmişəm. Həmin vaxtdan sonra Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində xidmət aparmışam. 2-ci Qarabağ müharibəsi iştirakçısıyam. 3-cü qrup müharibə əliliyəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin iyul ayında “Bərpa xəstəxanası” adlanan Sumqayıt şəhərinin 4 saylı xəstəxanasında müalicə olunduğu zaman digər müalicə alan xəstələrlə söhbət zamanı, həmin xəstələrdən biri özünü Rehan adı ilə təqdim edən qadın təqaüdünün dayandırıldığını və təqaüdünün bərpası ilə bağlı çalışdığını deyib:

“Mən də Rehana dayandırılmış təqaüdünün bərpa olunmasında köməklik edə biləcəyimi, bu sahədə əlaqələrimin olduğunu və 2-ci Qarabağ Müharibəsi qazisi olduğumu və Rehana dayandırılmış təqaüdünün bərpa olunmasını 1500 manat müqabilində 1 ay ərzində düzəldə biləcəyimi dedim. Rehan dediyim məbləğə etiraz etmədi və mənimlə razılaşdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə gündən sonra Rehan ona zəng edib və onlar xəstəxananın həyətində görüşüblər:

“Rehan mənə 1500 manat pulu verərək təqaüdünün bərpasını tezləşdirməyini xahiş etdi. Həmin vaxt maddi ehtiyacım olduğundan Rehandan aldığım pulu özümə xərclədim. Düşündüm ki, pulum olanda Rehana hissə-hissə qaytararam. Rehanın dayandırılmış təqaüdünün bərpası ilə bağlı heç bir iş görmədim. Bir müddətdən sonra Rehan mənə zəng edərək işinin nə yerdə olduğunu soruşdu. Mən də bəhanələr gətirərək xəbər edəcəyimi dedim. Daha bir müddət keçdikdən sonra Rehan zəng edərək verdiyi 1500 manat pulu geri qaytarmağımı istədi. Lakin pulum olmadığı üçün məcbur olub Rehana hər dəfə müxtəlif bəhanələr gətirdim, pulun qaytarılmasını yubatdım. Düşündüm ki, dost-tanışlarından pul tapa bilərəm, lakin pul tapa bilmədim. Sonra Rehan barəmdə polisə şikayət etdi. Rehandan 1500 manat pulu özüm aldım. Həmin puldan heç kimə verməmişəm”. 

Zərərçəkmiş qismində ifadə verən Rehanın sözlərinə görə, zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1966-cı ildə Zəngilan rayonunda doğulub, 1993-cü ildə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərinə köçüb: “Hazırda ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki yataqxanada yaşayır. 2008-ci ildə bel-onurğa əməliyyatı keçirib. Həmin vaxtdan etibarən ona xəstəliyinə görə 2-ci qrup əlillik təyin olunub. Bu illər ərzində dəfələrlə müayinə və müalicə olunub, əlillik təqaüdü alıb”.

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ildə əlillik təqaüdü dayandırılaraq növbəti dəfə müayinə və müalicə olunmağı məsləhət görülüb:

“Mən də vaxtaşırı stasionar müalicə almışam. Sonuncu dəfə “Bərpa xəstəxanası” adlanan 4 saylı xəstəxanasında “boyun və bel-omba fəqərələrinin osteoxondrozu, bel fəqərələrinin disk yırtığı" diaqnozu ilə stasionar müalicədə olmuşam. Həmin vaxtı xəstəxanada müalicə olunduğum zaman digər müalicə alan xəstələrlə söhbət zamanı, həmin xəstələrdən təqsirləndirilən Elvin mənə dayandırılmış təqaüdümün bərpa edə biləcəyini, geniş əlaqələri olduğunu, 2-ci Qarabağ müharibəsi qazisi olduğunu dedi. Elvinin danışığına inandım və ona təqaüdümün bərpa olunmasında köməklik göstərməsini xahiş etdim. Söhbət zamanı Elvin bu işi 1500 manata həll edəcəyini və 1 aya düzələcəyini dedi. Mən də bacım Mehribana zəng etdim və bu barədə danışaraq 1500 manat düzəltməsini dedim. Xəstəxanada olan zaman Mehriban yanıma gəldi və mənə 1500 manat verdi. Mən də Elvinə həmin 1500 manatı verdim. Elvin narahat olmamağımı, bu işlərin onun üçün asan olduğunu söylədi və mənə öz mobil nömrəsini əlaqə saxlamaq üçün verdi. Həmin gün xəstəxanadan çıxdım”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, bir müddətdən sonra Elvinə zəng edib və işlərin nə yerdə olduğunu soruşub: “Elvin özü mənə xəbər edəcəyini dedi. Bir neçə gündən sonra yenə də Elvinə zəng edərək işimin nə yerdə olduğunu və nə iş gördüyünü soruşdum. Elvin işinin hazır olacağını, onun zəngini gözləməyimi dedi. Elvinin dediyi müddət, yəni 1 ay bitdikdən sonra təqaüd işinin yubandığını gördüm və Elvinə zəng edərək pulumu qaytarmağını, onsuzda mütəmadi olaraq müalicə olunduğumu və sonda müayinələrdən keçib təqaüdümün bərpa olunacağını dedim. Elvin də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu bu gün-sabah qaytaracağını desə də, qaytarmadı. Bir müddətdən sonra Elvin zənglərimə cavab vermədi və telefonunu söndürdü. Elvinin etibarımdan istifadə edərək məni aldadıb 1500 manatımı dələduzluq yolu ilə ələ keçirdiyini gördüm. Elvinin barəsində şikayət etdim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alıb. 
Bu səbəbdən məhkəmə Elvinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.