Bir neçə şəxsə qarşı külli miqdarda dələduzluğa görə həbs olunan Bakı Apellyasiya Məhkəməsinin sabiq hakimi Lətif Nəbiyev yenidən məhkəmə qarşısına çıxarılıb.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, bu dəfə sabiq hakimin hakim önünə çıxması məhkəmə hökmü ilə müəyyən edilmiş 214 min manatlıq mülki iddianı ödəməkdən yayınmasıyla bağlıdır.
Gədəbəy Rayon Məhkəməsinə müraciət edən mülki iddiaçı Azad İbrahimov Lətif Nəbiyevin qərəzli şəkildə məhkəmə qərarını icra etmədiyini bildirib. Məhkəmə şikayətə baxaraq sabiq hakimi 500 manat cərimə edib. İclasda iştirak edən digər zərərçəkmiş Rafael Məmmədov da bildirib ki, Lətif Nəbiyev ondan illər əvvəl aldığı 9 min 400 manatı qaytarmır. Onun da əlində icrası təmin edilməyən məhkəmə qərarı mövcuddur.
Azad İbrahimovun sözlərinə görə, keçmiş hakim məhkəmə qərarını bilərəkdən icra etmir:
“Lətif Nəbiyev uzun illər hakim işləyib, icra prosesini yaxşı bilir. Ayda 100-200 manat köçürüb işi bitmiş sayır. Halbuki məhkəmə qərarında konkret göstərilib ki, 214 min manat məndən tutulub ona ödənilməlidir. İcra orqanı bu məbləği ona ödətməlidir. Məhkəmədə deyir ki, imkanım yoxdur, amma kənarda açıq şəkildə pulu verməyəcəyini bildirir”.
A.İbrahimov əlavə edib ki, sentyabrın 5-də məhkəmə müraciəti əsasında Lətif Nəbiyev barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb. O, 5 gün həbsdə saxlanılsa da, Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin edərək onu azad edib:
“Son qəpiyimi Lətif Nəbiyevdən alana qədər mübarizə aparacağam”.
Lətif Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub. O, iki nəfərə ümumilikdə 300 min dollardan çox ziyan vurub. Rüstəm Abdullayevdən şərikli iş adı ilə 59 min 700 dollar alıb və qazanc vəd etsə də, ödəniş etməyib.
Azad İbrahimovdan isə torpaq almaq adı ilə 247 min 400 dollar alıb. Daha sonra ona dəyəri yüksək göstərilən 120 sot torpağın əvəzinə Pirşağı bələdiyyəsindən verilmiş sadəcə 10 illik icarə müqavilələri təqdim edib.
Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 2008-ci il aprelin 24-də Məhkəmə-Hüquq Şurası korrupsiya hüquqpozmasına görə onun hakimlik səlahiyyətlərinə xitam verib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olarkən Rüstəm Abdullayevin pulunu qaytardıqdan sonra Xəzər Rayon Məhkəməsi onun vaxtından əvvəl azad edilməsinə qərar verib.