Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hacı Baba oğlu Salayevin zərərçəkmiş qismində tanındığı məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Hacı Salayev, Bəxtiyar Məmmədov və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Tural Rahim oğlu Nəcəfov da iştirak ediblər.
İlk olaraq zərərçəkmiş Hacı Salayev ifadə verərək bildirib ki, 2020-ci ilin ortalarında fərdi ev tikintisi üçün lift avadanlıqları lazım olub:
"Mənə memarlar təklif etdilər ki, "Gerlift" MMC şirkəti ilə əməkdaşlıq edim. Turalla görüşdüm, Almaniya şirkətinin Bakı nümayəndəliyinin rəsmisi olan bu şəxsə ilk olaraq 40 min avro ödədim. Bu şirkətin etibarlılığını yoxlamaq məqsədilə Almaniyada olan nümayəndəsi əslən Türkiyədən olan Əhməd Canpoladla əlaqə saxladım. O təsdiq etdi ki, həqiqətən pul köçürülüb. Ancaq şirkət bizə rəsmi olaraq dedi ki, həmin məbləğ ödənilməyib, gedin probleminizi Azərbaycanda həll edin. Turala cəmi 90 min avro, 4 min dollar pul vermişəm. beş ay ərzində bütün işlər görülməli idi, avadanlıqlar Almaniyadan gəlməli idi. Həmin türk barədə Almaniyada məhkəmə prosesinə hazırlaşıram. Mənim şikayətimdən sonra onu işdən qovdular. Mən, hətta Turala təklif etdim ki, sənin qazancın nədirsə, mən sənə verim, özüm birbaşa Almaniyadakı nümayəndələrlə əlaqə saxlayım. Əhməd isə dedi ki, yox, ancaq Turalla əlaqə saxlayın.
Təqsirləndirilən Tural Nəcəfov zərərçəkmişin danışdıqlarının düzgün olduğunu təsdiqləyib.
Məhkəmənin növbəti mərhələsində digər zərərçəkmiş Bəxtiyar Məmmədov ifadə verib. O bildirib ki, şəxsi villası üçün lift sifariş verib, ümumilikdə 17 min dollar Turala pul verib:
"Təxminən 6 min dollar qaytarıb. Azadlığa çıxmağını istəyirəm".
Şahid Abbas Aslanov ifadə verərək qeyd edib ki, Hacı Salayevlə dostdur:
"Pul üç dəfəyə mənim iştirakımla Turala verilib".
Məhkəmə prosesi iyunun 11-nə kimi təxirə salınıb.