Ləğv olunmuş “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev dövlət ittihamçısının protesti əsasında məhkəmə zalında həbs olunub.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.
E.Nəbiyev 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Nəbiyev 2017-ci ilin noyabr ayında saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.
E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “AtraBank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında E.Nəbiyevə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə şərti cəza verilib. O zaman E.Nəbiyev məhkəmə zalından azadlığa buraxılmışdı.
Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib.
“AtraBank” Ali Məhkəmənin 11 avqust 2016-cı il tarixli qərarı ilə ləğv olunub.