Keçid balları 600-ə qalxacaq — Abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar

Bu il keçid balları dəyişə bilər. Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada qeyd edilib ki, builki keçid balları müsabiqə nəticəsində formalaşacaq: “Keçən il formalaşmış keçid balları 2 nömrəli "Abituriyent" jurnalında dərc olunub. Abituriyentlər istiqamət götürmək üçün həmin ballara baxa bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin ballar dəyişə də bilər. Çünki keçid balları müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olunan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır”, - deyə DİM-dən bildirilib. 

Təhsil eksperti Elçin Murad açıqlamasında bu il keçən illə müqayidəsə keçid ballarında fərqin çox olacağını söylədi:

“Builki buraxılış imtahanları asan oldu, 56 nəfər maksimum bal topladı. Bu da aşağı ballı ixtisaslarda yüksək rəqabətə səbəb olacaq. Balansın pozulmasının qarşısını almaq üçün blok imtahanları çətinləşdirildi. 2-ci şans imtahanının asan olacağı gözlənilirdi, amma 1-ci imtahandan da çətin oldu. Bu il 5-ci qrup ixtisaslarında rəqabət güclü olacaq, 1-4-cü qruplarda da ötən illə müqayisədə rəqabətdə nisbətən artım gözlənilir, xüsusən də keçid balı 400-450-dən çox olan ixtisaslarda. Ötən il hüquq fakültəsində keçid balı 570 idisə, bu il 600-ə qalxacaq. Amma, məsələn, fransız dili, rus dili ixtisaslarında keçid balı 200 idisə, təxminən elə də qalacaq. İxtisas seçiminə bu il abituriyentlər xüsusi diqqət yetirməlidirlər ki, kənarda qalmasınlar”.