Azərbaycan ərazisində 4 il 3 ay əvvəl koronavirus pandemiyası ilə bağlı başlayan xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-da başa çatır. Amma bir sıra təhlilçilər hesab edirlər ki, Nazirlər Kabineti, bu illər ərzində dəfələrlə olduğu kimi, yenə karantinin müddətinin uzadılması ilə bağlı qərar verəcək.
Azərbaycanda bir sıra yumşaldılma tədbirlərindən sonra karantin məhdudlaşdırmalarından, əsasən, quru sərhədlərin bağlı olması qalıb.
Bəs bu dəfə Nazirlər Kabineti quru sərhədlər ilə bağlı məhdudiyyətləri götürəcəkmi?
Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, bu məsələ dəfələrlə gündəmə gətirilib: "Təbii ki, hökumətin açıqlaması daha çox koronovirusla bağlı riskin olması əsasındadır. Amma, görünür, başqa mülahizələr də ola bilər".
Deputatın sözlərinə görə, bu, xüsusilə də təhlükəsizlik, bölgədə müharibə şərtlərinin kəskinləşməsi və digər mülahizələrlə bağlıdır: "Amma, məncə, sərhədləri tamamən bağlamaq yerinə, müəyyən mənada yumşaldıcı addımlar atılmalıdır, çünki koronovirus riski xeyli aşağıdır. Düzdür, bəlkə, hansısa mülahizələrlə bunun bir riski olduğu barədə hökumətin əlində informasiyalar var, amma bütövlükdə tələbələr, xəstələr, müəyyən dərəcədə istirahətə gedənlər üçün şərtlərin yumşaldılmasına ehtiyac var".
F.Mustafanın fikrincə, quru sərhədlərin uzun müddət qapalı olması narahatçılıq yarada və vətəndaşları məmnun etməyən bir addım ola bilər: "Bu baxımından bunun yolları düşünülməlidir və daha yüngülləşdirici addımlar barədə fikirləşilməlidir".
İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə quru sərhədlərin bağlı qalması üçün hər hansı əngəl yoxdur, bu yalnız ölkə turizminə zərər vurur:
“Ölkəmizdə quru sərhədlər açıq olsaydı, potensial qazana biləcək rayonlarımıza diqqət edək:
Qusar rayonu - Sərhəddə yerləşən bu rayonda Şahdağ Turizm Kompleksi var, böyük hotellər orada, amma rəsmi rəqəmlərə görə, 2023-cü ilin 9 ayında Qusar rayonundakı hotellər 735 min manat ziyan edib. Onu da deyim ki, Şahdağ Turizm Kompleksi hələ büdcədən ildə 12 mln. manat dotasiya da alır.
Qazax rayonu - Sərhəddə yerləşən, quru sərhədlər açıq olanda hotellərinə tələbat olan rayonda 2023-cü ilin ilk 9 ayında hotellər 56 min manat ziyan ediblər.
Şəmkir rayonu - Sərhədə yaxın olan bu rayonun hotelləri bu ilin 9 ayında 23 min manat ziyan ediblər.
Balakən rayonu - Sərhədin 5 addımlığında yerləşən, əvvəllər avtobusla xaricdən gələn turist qrupları qəbul edən rayonun otelləri 2023-cü ildə 91 min manat ziyan ediblər.
Daxili turizmdən fəxrlə danışılan bölgələrdən biri də fəxrimiz olan Şuşa şəhəridir – 2023-cü ildə Şuşanın hotelləri 91,2 min manat ziyan ediblər. Daxili turizmdə önəmli yer tutduğunu dedikləri Xızı rayonunun hotellərinin 2023-cü ilin 9 ayında cəmi 90 min manat gəlirləri, 92 min manat da rəsmi xərcləri olub, yəni onlar da 2000 manat ziyan ediblər. Daxili turizmin inkişafı kimi təqdim edin bir bölgəmiz də Göygöl rayonudur. Təsəvvür edin ki, bu rayonun hotelləri 2023-cü ildə 133 min manat ziyan ediblər. Hanı bu quru sərhədlərin bağlı olmasının daxili turizmə xeyri, hardadır, niyə görünmür?! Tam tərsinə, ölkədə iqtisadi aktivliyin zəifləməsinin, ÜDM-in cəmi 0,5% artmasının səbəblərindən biri məhz bağlı olan quru sərhədlərdir. Bağlı quru sərhədlər ölkənin turizm sektoruna dəstək olmur, əksinə, çox böyük zərbə vurur...”