İdmançı Kamil Zeynallıya, eləcə də bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən iş adamı, tikinti şirkətinin rəhbəri Emil Ağayevin məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az Baku TV-yə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
O, məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihamda göstərilib ki, təqsirləndirilən Emil Ağayev təmir-tikinti işləri aparmaq adı ilə Kamil Zeynallıdan 20 min, Ceyhun Baloğlanovdan 58 min, Yusif Yusifovdan 58 min manat alaraq onların etibarından sui-istifadə etməklə mənimsəyib.
Təqsirləndirilən şəxs eyni üsulla ümumilikdə 7 nəfərə qarşı dələduzluq edərək onların 300 min manatını mənimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, Emil Ağayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.