Qırğızıstan Prezidenti Sadır Japarovun qardaşının kürəkəni saxlanılıb.
Bu barədə "Lenta.ru" məlumat yayıb.
Bildirilir ki, Aftandil Sabırbekov istintaq təcridxanasına göndərilib.
Bununla bağlı Bişkekin Pervomayski rayon məhkəməsi qərar qəbul edib.
Kürəkən qanunsuz olaraq narkotik, psixotrop maddələr və onların analoqlarını hazırlamaqda (Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 282-ci maddəsi) təqsirləndirilir.
O da bildirilib ki, Aftandil Sabırbekov 2024-cü il avqustun 3-dək istintaq təcridxanasında qalacaq.
Dövlət başçısının mətbuat xidməti isə xəbəri belə şərh edib: "Təsdiq edirik ki, prezidentin kiçik qardaşı qızının nişanlısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Gənc oğlan qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün hakimiyyətdə olan insanları alətə çevirmək, özünə "Krişa" tapmaq istəyirmiş".
Xatırladaq ki, bir müddət öncə Aftandil Sabırbekov Prezident Sadır Japarovun qardaşı qızına ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus helikopteri evlilik təklifi zamanı istifadəsi ilə gündəmə gəlmişdi.
Prezident Japarov isə qardaşı qızının bu hərəkətinə görə xalqdan üzr istəmişdi.