İranın ali dini liderinin müşaviri Əli Şamxani İsrailin zərbəsindən sağ çıxıb. Bunu İran TV-ləri açıqlayıb. Hərçənd, iyun ayının 13-də İran dövlət televiziyası Şamxaninin İsrailin aviazərbələri nəticəsində öldürüldüyünü təsdiqləmişdi. İndi isə o, İsrailin zərbəsi nəticəsində ağır yaralandığını, lakin sağ qaldığını açıqlayıb. Bəs kimdir bu Şamxani?
Stopnarkotik.az saytında bir müddət öncə Şamxaninin "narkobiznesdə işləkləri" haqda yazı yayınlanmışdı.
Əli Şamxani 2013-cü ildən başlayaraq on il ərzində İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl isə bir sıra mühüm vəzifələrdə, o cümlədən SEPAH və Müdafiə Nazirliyində çalışıb.
Şamxani Çinin vasitəçiliyi ilə Səudiyyə rəsmiləri ilə danışıqlarda İranı təmsil edib və bu, iki ölkənin uzun illər davam edən düşmənçilikdən sonra diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəlməsinə səbəb olub.
Lakin 22 may 2023-cü ildə qəfil vəzifəsindən uzaqlaşdırıldı. O dönəmdə bəzi analitiklər dedilər ki, Əli Xamneyi Şamxanini çox iddialı fiqur hesab edir. Sözsüz ki, söhbət prezidentlik, hakimiyyət iddiasından gedir.
Bununla belə, o, ali liderin yaxın köməkçisi olaraq qaldı və İran ABŞ prezidenti Donald Trampın administrasiyası ilə nüvə danışıqlarını bərpa edərkən məsləhət verdi.
Əli Şamxani İranın ən güclü adamlarından biri idi, lakin yaxın adamı Britaniyaya casusluqda ittiham edildikdən sonra onu qoruya bilmədi. İranlı analitiklər bildirirlər ki, bir sıra fikir ayrılıqları Şamxaninin devrilməsinə səbəb olub. Şamxanini onda ittiham etdilər ki, ailəsi İranın sanksiyalardan yayınmasına kömək edən neft daşımalarından milyonlarla dollar qazandı. O, həmçinin 2015-ci il nüvə sazişi danışıqlarını "batırmaqda" günahlandırıldı.
Bir tərəfdən də Əli Şamxaninin oğlu iranlı Hüseyn Şamxaninin Londonun Knightsbridge rayonunda yerləşən "Ocean Leonid" fondunun sahibi olduğu deyilir. Başqa tərəfdən, ABŞ Maliyyə Nazirliyi "JPMorgan"ın İranlı neft treyderi Hüseyn Shamxaniyə bağlı "Ocean Leonid Investments Ltd" ilə əlaqələrini araşdırır. Təhqiqat "JPMorgan"ın London, Dubay və Cenevrədə ofisləri olan "Ocean Leonid" fonduna kredit verərkən maliyyə qaydalarına əməl edib-etmədiyini araşdırır. "Ocean Leonid" bu yaxınlarda Dubayın azad maliyyə zonasından uzaqlaşdırılıb.
ABŞ rəsmiləri deyirlər ki, Əli Şamxaninin oğlu İranın Rusiyaya silah göndərməsində əsas fiqurdur.
Hüseyn Şamxani İranın və Rusiyanın xam neft ixracının mühüm qismini təşkil edən neft imperiyasına nəzarət edir.
Əli Şamxani Naci Şərifi Zindəşti ilə əlaqəli narkoşəbəkədə iştirakı məlum olduqdan sonra Milli Təhlükəsizlik Şurasının rəhbəri postundan istefa verməyə məcbur oldu. Naci Zindəştinin karteli İran kəşfiyyat xidmətlərinin köməyi ilə son on ildə Əfqanıstandan gələn heroinlə Avropanı doldurur. 12.04.2025 tarixli "Daily Mail" yazır ki, “Dostlar Klubu” adlanan narkokartelə hökumət rəsmiləri, İran Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli üzvləri və siyasətçilər daxildir.
Göründüyü kimi, Əli Şamxani Çinlə Rusiyadan tutmuş ingilis və Amerikaya qədər müxtəlif siyasi hekayələrin içində yer alır. İranda hazırda baş verməkdə olan İsraillə münaqişə, rejim yaxud hakimiyyət dəyişikliyi perspektivini nəzərə alsaq, Şamxani kimi güclü, iddialı bir fiqurun niyə aradan götürüməsinin səbəbini güman edə bilərik. Üstəlik, dünyanın sayılıb-seçilən KİV-lərində Şamxaninin narkobaron Zindəşti ilə əlbir olub Avropanı heroinlə doldurmasından tutmuş “Dostlar Klubu” narkokartelinin işində iştirak etməsinə qədər işləkləri ifşa olunursa, İran rəhbərliyinin hansı səviyyədə dünya narkoticarətində yer aldığını təxmin edə bilərik...
Stopnarkotik.az