İsrail quru əməliyyatlarına nə vaxt başlayacaq? – VƏ YAXUD İRANIN BU SAVAŞA QATILMASI NƏ DƏRƏCƏDƏ REALDIR?

HƏMAS-ın İsrailə hücumundan yarım aydan da çox vaxt keçir. Bütün bu müddət ərzində, sözün əsl mənasında, hər gün İsrail təmsilçilərindən Qəzza zolağına girmək və HƏMAS-ı məhv etmək üçün quru əməliyyatına başlamaq üzrə olduqları barədə bəyanatlar gəlir. Amma bəyanatlara baxmayaraq, quru əməliyyatı hələ başlamamışdır.

İsrailin tərəddüd etməsinin səbəbi haqda müxtəlif versiyalar var. Dünya ictimaniyyəti bu “tərəddüdün niyəsi” üstündə baş sındırır. İsrailin rəsmi izahında hava şəraitindən tutmuş İsrail ordusunun genişmiqyaslı hücuma hazır olmamasına qədər versiyalar var. Bununla belə, Qərb mediasındakı nəşrlər daha çox bu ehtimalı dilə gətirir ki, əsas səbəb İsrailə gözləməyi və əməliyyatı hələlik təxirə salmağı qəti şəkildə tövsiyə edən ABŞ-ın mövqeyidir.

Amma niyə?

HƏMAS öz-özlüyündə İsrail üçün böyük hərbi problem deyil. Qəzza kiçik bir anklavdır, demək olar ki, dənizdən amerikalılar və israillilər tərəfindən, qurudan isə İsrail və Misir tərəfindən bloklanıb. Eyni zamanda, misirlilər HƏMAS-ın müttəfiqi deyillər. HƏMAS Misirdəki 2013-cü ildə ölkənin hazırkı prezidenti Əl-Sisi tərəfindən hərbi çevriliş nəticəsində devrilmiş, yüzlərlə (digər mənbələrə görə isə minlərlə) üzvünün öldürüldüyü "Müsəlman Qardaşlar" təşkilatına yaxın hərəkatdır. Eyni səbəbdən Misir 1970-ci ildə fələstinlilərin İordaniyada qiyam qaldıraraq orada kralı az qala devirdiyi hadisənin təkrarlanmasından ehtiyat etdiyinə görə, Qəzza zolağından qaçqınları qəbul etmək istəmir. Qəzzanın müdafiəsi nə olursa-olsun, İsrail ordusunun HƏMAS-ı məğlub edib-etməməsi məsələsi gündəmdə deyil. Gündəmdə olan başqa bir şeydir – Tsaxalın HƏMASI nə qədər müddətə - günlər, həftələr və ya aylar ərzində məğıub edə biləcəyi sualıdır. Və hətta məsələ tam HƏMAS-la da bağlı deyil. Əslində, burada üç nüans var.

Birincisi, Livan “Hizbullah”ının müharibəyə girməsi təhlükəsidir. Yəni İsrail Qəzzada ona tələ qurula biləcəyindən ehtiyat edir. Hərbi baxımdan “Hizbullah” HƏMAS-dan qat-qat güclü təşkilatdır. Əgər o, İsrailin şimalında ikinci cəbhə açsa, o zaman Tsaxalın qələbə şansı artıq 100 faiz olmayacaq. Bu, İsrail üçün çox çətin müharibə olacaq. Eyni zamanda, “Hizbullah”ın münaqişəyə girmə ehtimalını yüksək qiymətləndirmək olar. Həm də təkcə ideoloji səbəblərə görə yox, sırf hərbi-praktik səbəblərə görə. “Hizbullah” İsrailin ən pis və ən təhlükəli düşmənidir və buna görə də HƏMAS-ı məğlub etdikdən sonra İsrail ordusunun bütün gücü ilə “Hizbullah”ın üzərinə düşməsi və onu da məğlub etməsi mümkündür.

Odur ki, İsrail Qəzza zolağında quru əməliyyatına başlayarsa, bu və ya digər şəkildə qüvvələrinin əksəriyyətindən istifadə etmək məcburiyyətində qalacağı təqdirdə Livanın ərazisində “Hizbullah”ın özünə zərbə endirməsi məntiqlidir.

İkinci problem “Hizbullah” və HƏMAS-ın müttəfiqi olan İranın müharibəyə girməsidir. Belə olan halda, ABŞ-dan birbaşa hərbi yardım almadan İsrail, nüvə silahından istifadə etmədiyi təqdirdə, məğlubiyyət ilə üzləşəcək - İsrailin hərbi potensialı çətin ki, HƏMAS, “Hizbullah” və İran hərbi arsenalına tab gətirsin. Vaşinqton üçün İrana qarşı müharibəyə cəlb olunmaq indi son dərəcə təhlükəlidir. Amerikanın bölgədəki qüvvələri nisbətən azdır və onlar İran raketlərinin nişangahı dairəsindədir. Amerikalılar üçün vəziyyət daha da pis ola bilər, çünki onlar öz sərhədlərində döyüşməyəcəklər və münaqişə nöqtəsinə hər an hərbi kontingent daşıyıb tökə bilməz. Üstəlik, nüvə silahından istifadə etmədən ABŞ qoşunlarının Yaxın Şərqdəki mövqeyi tez zamanda kritik hala gələ bilər.

Üçüncüsü, əvvəllər İranla fərz edilən hipotetik müharibədə amerikalıları öz müttəfiqlərinə - Türkiyə və Səudiyyə Ərəbistanına arxalana bilməsi xilas edirdi. Amma indi Fələstinlilərlə İsrail arasında münaqişə fonunda onlardan dəstək, yumşaq desək, çox da ehtimal olunmur.

Bu ABŞ-ın əsas problemidir. Və məhz bu problemi amerikalılar indi həll etməyə çalışır, danışıqları pozmamaq üçün İsraili hücumunu təxirə salmağa inandırırlar. Vaşinqton regional ziddiyyətlər üzərində oynamağa çalışır.

Yaxın Şərqdə üç böyük, belə demək mümkünsə, geosiyasi “düşərgə” var.

Birincisi, İran və onun müttəfiqləridir (Livanda “Hizbullah”, Suriya prezidenti Əsəd, Yəməndə husilər, İraqda şiələr).

İkincisi, Səudiyyə Ərəbistanı, bir sıra digər Körfəz ölkələri və Misirdir.

Üçüncüsü, Qətər, Türkiyə və “Müsəlman Qardaşlar”dır. Onların arasında münasibətlər həmişə çətin, bəzən isə son dərəcə düşməncəsinə olub. Eyni zamanda, HƏMAS birinci və üçüncü “yanaşma” ilə sıx bağlıdır, lakin yuxarıda qeyd olunduğu kimi, ikincisi ilə əlaqəsi birmənalı deyil.

Lakin ikinci “partiya” bütün İslam ölkələri arasında İsraillə bəlkə də ən yaxın münasibətlərə malik idi. ABŞ indi məhz bu ziddiyyətlər üzərində oynayır, ərəb ölkələrini parçalamağa və ikinci “partiyanı” öz tərəfinə çəkməyə çalışır. “Biznes təklifi” olaraq isə Vaşinqton səudiyyəlilər və misirlilərin faktiki nəzarəti altında, lakin HƏMAS-sız müstəqil Fələstin dövləti yaratmağı vəd edə bilər. Üstəlik, digər mövzularda bəzi digər “bəzək-düzəkli vədlər”.

Ərəb dünyasının anti-Qərb konsolidasiyasının və onun Çin və Rusiyaya istiqamətlənməsinin qarşısını almaq üçün Vaşinqtonun Misir və Səudiyyə Ərəbistanını öz tərəfinə çəkmək strateji baxımdan son dərəcə vacibdir. Baxmayaraq ki, ikinci “qrup” ölkələrin üçüncü “qrup”la əlaqələri güclənir, İranla ziddiyyətlər zəifləyir. İsrailin fələstinlilərlə müharibəsi kontekstində bu tendensiyaların güclənməsi ehtimalı böyükdür. Bu, Vaşinqtonun indi bütün gücü ilə dayandırmağa çalışdığı ABŞ üçün (o cümlədən enerji qiymətlərinə nəzarətin itirilməsi baxımından) böyük təhlükədir. Buna görə də o İsraildən Misir və Səudiyyə Ərəbistanı ilə danışıqlarda irəliləyiş əldə olunmayana qədər quru əməliyyatına tələsməməyi xahiş edir.

Bununla belə, prosesi davamlı olaraq gecikdirmək də mümkün deyil - Qəzzanın quru əməliyyatı olmadan belə bombalanması İslam dünyasına son dərəcə mənfi təsir göstərir, ABŞ-ın ərəb ölkələri ilə hər hansı razılaşma əldə etməsinə mane olur. Buna görə də nəzəri olaraq hadisələrin inkişafının iki ssenarisi var.

Birincisi odur ki, Yaxın Şərqdə hər üç “tərəf”in və İsrailin iştirakı ilə münaqişənin sülh yolu ilə həllinə dair bir növ çoxtərəfli razılaşma əldə olunacaq və hərbi əməliyyatlar dayandırılacaq. Bu ssenarinin baş verməsi ehtimalı çox azdır, çünki belə bir razılaşmanın parametrləri hələ görünmür.

İkincisi, İsrail quru əməliyyatına başlayır. İkinci variant baş tutarsa, hadisələr Tsaxalın HƏMAS-ı məğlub edə bilmək sürətindən asılı olacaq. Bu, nə qədər az vaxt aparsa, üçüncü qüvvələrin müharibəyə girmə ehtimalı bir o qədər az olar və bəzi ərəb ölkələri ilə Fələstinin gələcəyi ilə bağlı razılıq əldə etmək ehtimalı bir o qədər çox olar. Və əksinə, müharibə nə qədər uzun çəkərsə, “Hizbullah” və İranın ona daxil olma və İslam dünyası ilə Qərb arasında qarşıdurmanı dərinləşdirmə ehtimalı bir o qədər artır.

Asya ŞÜKÜROVA

Stopnarkotik.az