İsrail Prezidenti Blinkenlə görüşüb, ABŞ-yə təşəkkür edib

İsrail yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşacağına ümid edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

Dövlət başçısı Fələstinlə münaqişənin kəskinləşməsi fonunda ABŞ-nin İsrailə göstərdiyi dəstəyə görə Blinkenə təşəkkür edib, Qəzza zolağında girovların tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib.

Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl yəhudi dövlətinin hakimiyyət orqanları Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan ediblər.

22 sentyabr 2023-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərək, tərəflərin Yaxın Şərqdə sülh və rifahın yeni dövrünü açacaq diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını söylədi.