İsrail keysı və Əfqan xaşxaşı - NARKOTİK BAZARINDA QİYMƏT NECƏ OYNADILIR...

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra tiryək istehsalı 95% azalıb. Bu BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatında açıqlanır. Hesabata görə, Əfqanıstanda xaşxaş əkini 2022-ci ilin sonundakı 233 min hektardan 2023-cü ildə 10,8 min hektara düşüb. Bu il isə tiryək istehsalı 6200 tondan 333 tona qədər azalıb.

Bu il ixrac edilən heroinin təxmini həcmi ötən il 350-580 ton idisə, bu il 24-38 ton təşkil edir. Lakin BMT bundan məmnun deyil: qurum Əfqanıstanın tiryək iqtisadiyyatının qəfil daralmasının bir çox həssas kənd icmaları üçün potensial “humanitar nəticələrə” gətirib çıxaracağını bildirir, çünki istehsalçılar daha az gəlirli alternativ bitkilərin əkininə üz tutmağa məcbur olurlar.

2022-ci ildə 1,36 milyard dollar dəyərində təxmin edilən təsərrüfat gəlirləri, BMT-yə görə, bu il 92% azalaraq 110 milyon dollara düşüb və itkilərin ölkənin onsuz da çətin vəziyyətdə olan iqtisadiyyatına daha geniş təsir göstərəcəyi gözlənilir. Bu məsələnin bir tərəfi. Amma məsələnin başqa tərəfi daha dolaşıq və qəlizdir.

Əfqanıstanda İranla sərhəddə saxlanılan 3 Mossad casusu həbs edilir və dəyişdirilmə masaya gəlir. Belə ki, noyabrın 7-də İrandan Səudiyyə Ərəbistanına bu məsələni həll etmək üçün nümayəndə heyətinin gedişi planı mövcud idi. Masa üzərində Fələstin keysindən və Vaşinqton-Tehran gərginliyinin yoluna qoyulmasından başqa 3 məsələ var idi:

1. Əfqanıstanda İranla sərhəddə yaxalanmış 3 Mossad casusunun dəyişdirilməsi;

2. Hürmüz boğazında dəniz tranziti, hansı ki, bu məsələ iki ölkə arasında münaqişə mənbəyi idi;

3.  Vaşqintonun Səudiyyə Ərəbistanına İrana çatdırmağı həvalə etdiyi təşəbbüslər. Movzu əfqan tiryəkindən getdiyi üçün burada Əhməd Məsuddan söz açmaq yerinə düşər. Əfqanıstan taciki olan Əhməd Məsud “London Kral kolleci”ndə və “Sandhurst Kral Hərbi Akademiyası”nda təhsil alıb.   

Londonda təhsil almış əfqan tacik Əhməd Məsud 2023-cü ilin sentyabrında Parisdə kitabının təqdimatını keçirdi. Ardınca 3 oktyabr 2023-cü ildə Əhməd Məsud İsrailin “Maariv” qəzetinə verdiyi müsahibədə dedi:

“Bizi dəstəkləmək istəyən hər bir tərəfin, o cümlədən İsrailin köməyinə ehtiyacımız var”. Bu versiyada xəbəri “Jerusalem Post” da yaydı. “Maariv” ilə “Jerusalem Post”un sahibi eyni şəxsdir. “Jerusalem Post”un baş redaktoru Avi Mayer ABŞ-da yaxşı əlaqələri olan adamdır. Bundan başqa, o, “TSAXAL”-n Mətbuat Xidmətinin Beynəlxalq Əlaqələr Şöbəsində xidmət edib (2008-2011). Avi Maverin rəisi isə elit xüsusi təyinatlı qurum olan Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi Tal Russo idi.

Russo 2015-ci ilin fevralından 2017-ci ilin may ayına qədər “Dərin Komandanlığ”ın (İsrailə düşmən olan dövlətlərin strateji dərinliyində uzunmüddətli xüsusi əməliyyatların planlaşdırılması, istiqamətləndirilməsi) rəhbəri olub. Russo siyasi baxımdan  Netanyahunun əleyhdarlarının tərəfində idi. Və ən maraqlı nüans-Tal Russonun ordunun hərbi təminatı və tibbi çətənə şirkəti ilə bağlı olduğu deyilir.

2023-cü ilin iyulundan elit hərbi qüvvə olan “Dərin Komandanlığ”a (Deep Command) baş qərargahı ABŞ-ın Ohayo ştatında yerləşən “Veksner Fondu”na (Wexner Foundation) bağlı Nimrod Aloni rəhbərlik edir. Les Veksner hələ 1980-ci illərdə Cefri Epşteyni maliyyə meneceri kimi işə götürmüşdü. Ehud Barakın, hazırkı İsrail müdafiə naziri Yoav Qalantı dəstəkləyən və çətənə ixracını inkişaf etdirməyə qərar verən “Veksner Fondu” ilə bağlılığı ehtimal edilir. Xüsusilə Almaniyada.

Əgər bu şəbəkə Talibanla işləyirsə, ən maraqlı şeylər hələ qarşıda olacaq.

Netanyahu Yoav Qalantı işdən çıxarmağa cəhd edib, lakin o,  hələ də vəzifədədir. Netanyahuya tuşlanmış tənqidlər “TSAXAL”ın Baş Qərargah rəhbəri Herzi Ha-Leviyə yönəldi.

Herzi hələ yalnız tank əleyhinə rotanın komandiri olanda, Nimrod Aloni onun bağlantılarını koordinasiya edən şəxs idi. Tezliklə Herzi AMAN-a “Sayeret Matkal” xüsusi bölməsinə keçdi. 16 yanvar 2023-cü ildə Ha-Levi “TSAXAL” Baş Qərargahının rəisi, iyul ayında isə Aloni “Dərin Komandanlığ”ın komandirliyinə yüksəldi.

Oktyabrın 5-də Əhməd Məsudun “Jerusalem Post”dakı müsahibəsində və İranın mövqelərini zəiflətmək üçün İsrailin əfqan oyunu kontekstində Aloninin adı xatırlandı.

Maraqlıdır ki, İsrail və HƏMAS arasında döyüşlər Çak Şumerin başçılıq etdiyi ABŞ nümayəndə heyətinin Çinə səfəri günü başlamışdı.

Noyabrda Əhməd Məsud və Britaniyanın yeni səfiri, Əfqanıstanda Taliban idarəçiliyi üzrə ekspert Naycel Keysinin Moskvada olacağı gözlənilir.

Bütün deyilənlərdən başqa, Əhməd Məsudun sovet ordusuna, sonra isə Talibana qarşı döyüşmüş Əhməd Şah Məsudun oğlu olması, tacik əsilli olması, Əfqanıstanın Pəncşir vilayətində Talibanla döyüşdən sonra Tacikistana qaçması qaranlıq məqamlara işıq salır. 

Məsələn, Rusiya narkotiklərlə mübarizə üçün Tacikistana 250 milyon rubl ayırıb. Məntiqlə, bu pullarla əsasən Əfqanıstandan narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq təklif olunur. Belə ki, Tacikistana keçən narkotik təkcə Rusiyaya deyil, həm də digər ölkələrə - Mərkəzi Asiya ölkələrinə yayılır. Bu arada Taliban tiryək istehsalının azaldılması barədə məlumat verərkən, BMT isə bunda israr etsə də, rəqəmlər üst-üstə düşmür. Ola bilsin ki, xaşxaş əkilən sahələrin sayı qeyri-rəsmi artıb, rəsmi səviyyədə isə az göstərilib.

Yuxarıda dediyimiz kimi, 2022-ci ildə tiryək yetişdirilməsindən əldə edilən gəlir 2021-ci ildəki 425 milyon dollardan 1,4 milyard dollara yüksəlib. Buna səbəb kimi, quraqlıq üzündən məhsulun 2021-ci ilə nisbətən az olması göstərildi.

Məhsulun az olması, əkin sahələrinin azaldılması və ya xaşxaşın qəsdən məhv edilməsi xəbərləri fonunda xaşxaşın və ondan alınan məhsulun qiymətlərini şişirtmək çox asandır. Ərazinin azaldılması nə qədər çox olarsa, tiryəkin qiyməti də bir o qədər baha olacaq - eyni zamanda ixrac üçün cəmi 24-38 ton heroin var...

İndi isə yeni qiymətləri təxmin edək. 2022-ci ildə təkcə quraqlıq faktoru qiymətlərin ən azı 50% artmasına imkan verdi. İstehsalda da 95% azalma irəli sürülür.

Bu müstəvidə BMT-nin məruzəsi orta və aşağı səviyyələrdə olan çoxsaylı narkotik satıcılarına yeni tənzimləmə və qiymət siyasətinin “elanı” rolunu oynayır. Yəni qiymət diqtə edilir.

Daha bir məraqlı nüans - 2022-ci ilin martında özünü Əfqanıstan İslam Əmirliyi elan edən Amudərya çayı üzərində “Qoş Təpə” suvarma kanalının genişmiqyaslı tikintisinə başlandığını elan etdi. Çünki əhalinin 80%-i kənd təsərrüfatı hesabına dolanır. Əfqanıstan İranla da su qarşıdurması yaşamışdı. Əgər, elan edilən “anti-xaşxaş” əkilmə siyasətinin “gözdən pərdə asmaq” məqsədli olduğunu təxmin etsək, belə nəticəyə gəlmək olar ki, kənd təsərrüfatının inkişafı ilə yanaşı, kanalın tikintisinin Əfqanıstana tiryək xaşxaşının becərilməsi, istehsalı və qanunsuz dövriyyəsi yolu ilə “Şimal Marşrutu”nu gücləndirməyə də imkan verəcəyi gözlənilir. Əfqanıstan dünyanın ən böyük tiryək istehsalçısı olaraq qalır. 2017-ci ildə Əfqanıstanda tiryək xaşxaş becərilən ümumi sahə 328 min hektar olaraq qiymətləndirilirdi. “Şimal marşrutu” adlanan marşrutla Əfqanıstanın şimalından narkotiklər qonşu dövlətlərdən – Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan keçərək Rusiyaya keçir. Yuxarıda göstərilən bütün sosial-iqtisadi və “qaranlıq” faktorlar Əfqanıstan üçün kanal tikintisinin prioritet olduğunu sübut edir.

Talibanın xaşxaş becərilməsini qadağan etməsinə baxmayaraq, tiryək qiymətləri çox bahalaşıb və ölkədə qeyri-qanuni olaraq xaşxaş yetişdirmək davam edir. BMT-nin məlumatına görə, tiryək satışından əldə olunan gəlir 2021-ci ildəki 425 milyon dollardan 2022-ci ildə 1,4 milyard dollara yüksəlibsə, bunu yalnız tələbin yüksəldiyi üçün qiymətin artması ilə izah etmək olmaz. Elə təəssürat yaranır ki, xaşxaş sahələrinin azalmasının açıqlanması bazarda qiyməti qaldırmaqdan ötrü manipulyasiya üçün edildi və üstəlik qeyri-leqal xaşxaş əkin sahələri də varsa həm qiymətin, həm məhsulun artması fonunda “ağ ölüm” gəlirlərinin dodaq üçüqladan miqyasını təsəvvür etmək çətindir. Üstəlik bu ticarətin içində kimlərin olduğunu güman etsək...

Stopnarkotık.az