İSRAİL İRANI VURDU: BİR NEÇƏ GENERAL ÖLDÜRÜLDÜ - FOTO/VİDEO, YENİLƏNİR

200-dən çox İsrail təyyarəsi İrana zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə İranın yüksək rütbəli hərbi komandirlərinin iqamətgahları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib.

“İndi biz təsdiq edə bilərik ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı və İranın Fövqəladə Hallar Komandanlığı İsrailin 200-dən çox döyüş təyyarəsi ilə İran ərazisinə endirdiyi zərbələr nəticəsində məhv edilib”, - məlumatda qeyd edilib.

***10:30

İsrailin İrana endirdiyi zərbə nəticəsində 5 mülki şəxs ölüb, 20 nəfər yaralanıb.

Bu barədə “Nour News” məlumat yayıb.

***10:06

Ən azı altı iranlı nüvə alimi İsrailin zərbələri nəticəsində həlak olub.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Onlar Abdolhamid Minuçehr, Ahmadreza Zolfaghari, Amirhüseyn Faqhi, Motlabizadə, Mohammad Mehdi Tehranchi və Fereydun Abbasidir. 

***09:13

Xəbər verdiyimiz kimi, iyunun 13-nə keçən gecə İsrail məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan "Am Kelavi" (Aslan kimi millət) əməliyyatına başladığını elan edib.

Bunun ardınca İDF Tehran ərazisində bir sıra obyektlərə zərbələr endirib. 

İranın mərkəzindəki Natanz şəhərində Əhmədi Roşan nüvə obyektinin vurulma anını təqdim edirik. 

***

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirməyə başlayıb.

Dünya KİV-ləri xəbər verir ki, İsrailin hədəfləri arasında nüvə obyektləri, hərbi rəhbərlik, strateji obyektlər var.  Tehranda hər tərəfdə partlayış səsləri eşidilir. 

İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.

Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.

İsrail rəsmən İranda “Aslan Milləti” (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.

Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.

“İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu qaçılmaz təhlükəyə qarşı tədbir görülməlidir”, - məlumatda vurğulanıb.

Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat lazım olduğu qədər davam edəcək.

***

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid, digər hərbi rəhbərlər, nüvə alimləri öldürülüb.

İran tərəfi də ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, əsas nüvə obyektinin yerləşdiyi İranın mərkəzi İsfahan əyalətinin Natanz şəhərində partlayış səsləri eşidilib.

"Uranın zənginləşdirilməsi üzrə əsas obyektlərdən birinə ev sahibliyi edən Natanzda güclü partlayış səsləri eşidilib", - məlumatda deyilir.

***

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami İsrail ordusunun Tehrana endirdiyi zərbə nəticəsində həlak olub. 

Bu barədə İran KİV-ləri məlumat yayıb. 

Qeyd edək ki, İsrailin zərbələri İranın paytaxtında bir sıra yaşayış binalarını hədəf alıb və nəticədə mülki şəxslər həlak olub. Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında uçuşlar dayandırılıb.

***

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü güman edilir.

Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri də həlak olmuş ola bilər.

İran tərəfi hələlik bu iddia ilə bağlı heç bir açıqlama verməyib.

***

IRNA xəbər verir ki, İran tərəfi Baş Qərargah rəisinin öldürülməsi ilə bağlı xəbəri təkzib edib.

***

“Fars” xəbər agentliyi xəbər verir ki, Məhəmməd Baqeri İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. Məlumata görə, İran Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani də zərbələr nəticəsində ağır yaralanıb.

Xəbəri hələlik ölkənin digər KİV-ləri təsdiqləməyib. Qeyd edək ki, Məhəmməd Baqerinin ölümü  barədə gecədən bəri xarici KİV-də xəbərlər yayılır. IRNA isə daha əvvəl məlumatı təkzib etmişdi.

***

İran dövlət televiziyası Baş Qərargah rəisi Baqerinin evinə hücum edildiyini və onun hücum nəticəsində həlak olduğunu rəsmən açıqlayıb.