İsrail diplomatlarının öldürülməsində şübhəli bilinən şəxs günahını etiraf etdi

İsrailin Vaşinqtondakı səfirliyinin əməkdaşlarının qətlində şübhəli bilinən 30 yaşlı Elias Rodriges cinayətdə əli olduğunu faktiki olaraq etiraf edib.

Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə paytaxtın polis idarəsinin rəisi Pamela Smit Vaşinqton şəhərinin meri Myuriel Bauzer ilə birlikdə keçirdiyi rəsmi brifinq zamanı məlumat verib.

Smitin sözlərinə görə, saxlanıldıqdan sonra Elias Rodriges polisə hücumda istifadə etdiyi silahı atdığı yeri göstərib.

"Şübhəlinin əlləri qandallandığı zaman o, cinayət silahını harada gizlətdiyini könüllü olaraq göstərdi və hücumu həyata keçirənin məhz özü olduğunu düşünməyə əsas verdi", - deyə Pamela Smit qeyd edib.

Saxlanılma qeyri-adi şəraitdə baş verib - cinayəti törətdikdən sonra Rodriges gizlənməyə çalışmayıb, diplomatların bir müddət əvvəl çıxdıqları Yəhudi Muzeyinə girib. Və orada da qurumun təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi diplomatik missiyanın ölən əməkdaşlarının adlarını rəsmən təsdiqləyib: Yaron Lişinski və Sara Lin Milqrim.

*** 10:17

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını güllələyərək öldürməkdə şübhəli bilinərək saxlanılan Elias Rodriqesin əvvəl heç bir cinayətdə adı hallanmayıb.

Bu barədə CNN təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Təhlükəsizlik qurumundan bildirilib ki, bu saata qədər Elias Rodriqesin hadisəni törədərkən tək olduğu müəyyən edilib.

Atışmadan sonra E.Rodriqes muzeyin binasına daxil olmağa çalışsa da, mühafizəçilər onu saxlaya biliblər. O, polisə təhvil verilərkən qətli törətdiyini etiraf edib və cinayəti törədərkən üzərində olan silahı hara atdığını da söyləyib.

***09:07

Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Vaşinqton Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqesdir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə edilib.

Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.

Elias Rodriqesin saxlanılarkən çəkilən videosu yayılıb. O, "Fələstinə azadlıq!" şüarını səsləndirib.