Yaz və yay aylarında avtomobil bazarında canlanma müşahidə edilir. Ekspertlər deyirlər ki, aprel-may ayından ikinci əl avtomobil bazarında aktivlik başlayır. Bu durumda gündəmə bir sual gəlir ki, işlənmiş maşın alanda ən çox nələrə diqqət etmək lazımdır?
Stopnarkotik.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, məsələ ilə bağlı avtomobil ustalarının bir sıra tövsiyələri var. Bu sahədə mütəxəssis olan usta Dəniz Ağabəyli deyir ki, buraxılış ili köhnə olan avtomobil vasitələri ölkəyə daha çox xaricdən gətirilir. Onların da alqı-satqısı onlayn həyata keçirilir deyə, alıcıların aldadılma ehtimalları yüksəkdir. Ustanın sözlərinə görə, ikinci əl nəqliyyat vasitəsi alanda onu düzgün yoxlatdırmaq vacib şərtdir:
“Həmin avtomobillərin kilometrajlarına müdaxilə olunur. İlk növbədə diaqnostika vasitəsilə aşkar etmək olar ki, kilometrajı çəkilib ya yox. İki avtomobildən bir maşın düzəldə bilirlər. Bunu da ancaq ustalar aşkar edə bilər. Avtomobillərin alt işlək hissələrində daha çox dəyişikliklər olunur. Bundan əlavə, yağ azalma problemləri də müşahidə olunur. Usta buna baxmaqla, 50 faiz aşkarlaya bilər”.
Dəniz Ağabəyli bildirir ki, xaricdən gətirilən köhnə avtomobillərdə əsas problemlərdən biri də suda qalma hallarıdır:
“Belə maşınları suya düşməmiş avtomobil kimi satmağa çalışırlar. Həmin vəziyyəti “Carfax” vasitəsilə tarixçəsinə baxaraq, aşkar etmək olar. Ya da pol hissəsində olan cuxolu qaldırıb, paslanma olub-olmadığına baxaraq, bilmək mümkündür. Həmçinin, suya düşən avtomobildə mühərrikin də rəngi dəyişir və kirəc bağlayır. Bu da heç məsləhətli deyil. Çünki gələcəkdə böyük fəsadlar ortaya çıxa bilər”.