Gürcüstanda İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham edilərək saxlanılan azərbaycanlıların ilk məhkəmə iclası bu gün keçiriləcək.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, məhkəmə bu gün saat 14:00-da Tbilisi Şəhər Məhkəməsində baş tutacaq.
Dinləmədə saxlanılanlara qarşı profilaktik tədbirlərin müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ötən gün İŞİD terror qruplaşmasına qarşı 4 ayrı nöqtədə eynivaxtlı xüsusi əməliyyat keçirildiyini açıqlayıb. Mayın 16-da keçirildiyi bildirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının liderləri ilə əlaqələri olduğu bildirilən, eləcə də müxtəlif ölkələrdə terror fəaliyyətləri həyata keçirməkdə ittiham edilən 6 Gürcüstan vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərin vəkili onların etnik azərbaycanlılar olduqlarını açıqlayıb. İşlə əlaqədar daha bir Türkiyə vətəndaşının isə apreldən bəri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin təcridxanasında saxlanıldığı qeyd olunub.
Məlumata görə, saxlanılan şəxslərin bir sıra ölkələrdə müxtəlif terror hücumları planlaşdırdıqları müəyyən edilib. Əməliyyat zamanı terror qruplaşmasının simvolları, silah-sursat, partlayıcı maddələr və müxtəlif dəlillər ələ keçirilib.
Qeyd olunub ki, toplanan dəlillər əsasında xarici ölkələrdə həyata keçirilmiş terror fəaliyyətləri müəyyən edilib və təhlükə nəzərə alınaraq əldə edilən məlumatlar sürətlə tərəfdaş ölkələrlə paylaşılıb.