Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720 qram heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Məmmədov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.