İRANIN LİVANDAKI "ƏLİ KƏSİLİR" - Narkotik və silah qaçaqmalçısı "Hizbullah" tərksilah edilir

İranın Livandakı rıçaqı və əli olan "Hizbullah" tərksilah edilir. Ərəb KİV-lərinin məlumatına görə, bu, ABŞ və Səudiyyə Ərəbistanının təzyiqləri nəticəsində baş verib.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman açıq şəkildə bəyan edib ki, o, Livana yalnız "Hizbullah"ın hökumət üzərində təsirinin azaldığı halda maliyyə yardımı göstərəcək.

İsraillə müharibə göstərdi ki, "Hizbullah" hələ də hərbi baxımdan çox güclüdür. Bu səbəbdən hazırda Hizbullahın aradan qaldırılması üçün bir neçə cəbhədə ciddi addımlar atılır:

Birincisi, İsraillə cəbhə xəttində. Noyabrın 27-də imzalanan atəşkəs razılaşmasına əsasən, Hizbullah Litani çayının şimalına çəkilib və Livan ordusu bölgəyə yerləşdirilib. Livan ordusu hazırda "Hizbullah"ın anbarlarını və tunellərini məhv edir. İsrail "Hizbullah"ın bölgədə qalan mövqelərini bombalamağa davam edir.

İkinci hədəf xaricdən, xüsusən də İrandan dəstəyin zəifləməsidir. Livan hökumətinin göstərişlərinə uyğun olaraq, Beyrut hava limanı son bir neçə həftə ərzində İran və İraqdan gələn reyslərdə ciddi yoxlamalar həyata keçirir. Tehran və Bağdaddan gələnlərin bütün əşyaları ciddi yoxlanılır. Məqsəd "Hizbullah"a maliyyə yardımının verilməsinin qarşısını almaqdır.

Üçüncü hədəf Suriyadır. Ötən həftə Livan-Suriya sərhədində toqquşmalar baş verib, Suriya sərhəd patrulları ilə qaçaqmalçılıqla məşğul olan yerli qəbilələr arasında silahlı toqquşma olub. Suriya Sərhəd Mühafizəsinin Qərb Bölgəsinin komandiri Muayyad əs-Salama bildirib ki, "Hizbullah" narkotik və silah qaçaqmalçılarına dəstək verməklə Suriya sərhədinə təhlükə yaradır. Hazırda livanlı qaçaqmalçılara qarşı hərbi əməliyyatlar davam edir.

Stopnarkotik.az