İRANIN AZƏRBAYCANA QARŞI “NARKOTİK SAVAŞI” – Bu, hərbi təcavüzdən daha təhlükəlidir

Narkotik maddələrin və insanların narkotik maddələrdən istifadə etməsinin tarixinə hətta ötəri nəzər saldıqda onlardan istifadə edilməsi sahələri, məqsədləri, miqyasları arasnıdakı fərqlər dərhal özünü birüzə verir.

Narkotik maddələrdən ən qədim dövrlərdən bəri ağrıkəsici kimi, xüsusilə tibb elmi və tibbi xidmət, elm və xidmət sahəsi formalaşmamışdan xeyli qabaq, bu gün Azərbaycanda «türkə çarə» adlandırılan, tibbi yardım formasında geniş istifadə edilmişdir. Sonralar isə, xüsusilə şərq ölkələrində müxtəlif səbəblərdən insanlar onları əhatə edən reallıqlardan fikrən özünü müvəqqəti tədric etmək vasitəsi kimi istifadə edilib. Hansı ki, nəticədə onların xeyli hissəsi narkotik maddələrin aludəçisi olub, onun daimi istifadəçisinə çevrilmişlər.

O dövrlərdən narkotik vasitələrin kimyəvi üsullarla hazırlanması vasitələri mövcud olmadığından, insanların bu maddələrə artan tələbatı peşəkar narkotik materiallar istehsalçılarının, daha sonralar bu sahə genişləndikcə peşəkar narkotacirlərin meydana gəlməsini də labüd etdi. İyirminci əsrin ortalarından tibbi xidmət sahəsində kimyəvi üsul və vasitələrlə dərman pereparatlarının hazırlanması narkomaniyanın genişlənməsinə münbit şərait yaratmış oldu. Məsələn, ötən əsrin 50-ci illərində Azərbaycanın rayon və kəndlərində narkotik maddələrin istehsalı, satışı və istifadəsi çox ciddi qadağan edildiyinə baxmayaraq, bir çox fərdi həyətlərdə tiryək hazırlamaq üçün xaşxaş becərilir, taxıl zəmilərinin ətrafında çətənə, kənəf əkilirdi. Lakin bunlar vizual müşahidə olunan, istehsal dövrü çox zaman tələb edib, məhsuldarlığı az, təhlükəsi çox olduğundan, kimyəvi üsulla narkotik vasitələr hazırlanaraq satılması prosesi sürətlə inkişaf etməyə başladı.

Kimyəvi üsullarla narkotik vasitələrin hazırlanması narkotik vastələrin növlərinin çoxalması, qısa zaman ərzində təbii bitkilərdən hazırlanan narkotik vasitələrlə müqayisədə yüzlərlə dəfə çox həcmdə, həm də daha güclü - heroin, kokain kimi bahalı narkotik vasitələrin hazırlanmasına imkan verdi. Bu səbəbdən, artıq bir çox ölkələrdə, xüsusilə Cənubi Amerika ölkələrində beynəlxalq çərçivələrdə aktiv fəaliyyət göstərən qeyri-leqal birliklər yarandı.

Narkotik maddələrin təbii bitkilərdən kiçik həcmdə hazırlanaraq lokal ərazilərdə həm də ağrıkəsici vasitə olaraq istifadə edildiyi dövrlərdə bir sıra Şərq ölkələrində onun istehsalı və satışına hətta dövlət tərəfindən qadağa belə qoyulmurdu. Buna qadağa qoyulan ölkələrin mütləq əksəriyyətində çox vaxt kiçik çaplı məmurlar müəyyən muzd qarşılığında bu hallara göz yumurdular. Lakin narkotik vasitələrin çox böyük gəlir gətirən beynəlxalq ticarət növünə çevrilməsi, yəni bu dövlətlərin iri çaplı məmurlarının himayəsi olmadan böyük həcmdə istehsal edilərək, iki və daha çox dövlətlərin sərhədlərindən keçirilməklə başqa ölkələrə daşınması, eləcə də geniş miqyasda reallaşdırılması mümkün deyildi.

**

Narkotik maddələrin istehsalı və satışı bu gün artıq böyük qazanc mənbəyi olmaqla yanaşı, dövlətlərarası beynəlxalq münasibətlərin bir elementinə çevrilmişdir. Daha dəqiq desək, indi narkotik başqa ölkələrin cəmiyyətini terror etmək və dövlətlər arasındakı münasibətlərdə təzyiq, siyasi alver vasitəsinə gəlib çatıb. Hər hansı bir dövlətin cəmiyyətinə narkotik vasitələrlə təcavüz edilməsi hərbi və ideoloji təcavüzdən daha təhlükəlidir. Onun ən təhlükəli cəhəti ölkəyə gizli, qeyri-leqal yollarla gətirilərək, gizli olaraq əhali arasında yayılması, həm də bu prosesləri gizli idarə edən qurumların rəsmən heç bir dövlətin mexanizminə aid olmamasıdır. Əslində isə, narkotik maddələrin istehsal edildiyi ölkənin rəhbərliyi pərdə arxasında duraraq, narkotik maddələrin istehsalına öz susqunluğu ilə rəvac verib, hazır məhsulu və ya onun komponentlərinin miqyasını, təyinatını, eləcə də ünvanını müəyyən edirlər. Bu, yumşaq güc üsulunun bir növü olub, rəqib və ya düşmən ölkənin əhalisinin əhəmiyyətli bir qismini narkotik maddələr istifadəçisinə çevirib, onları sağlam düşüncə qəbliyyətindən məhrum etmək, sağlamlığını sarsıtmaqla fiziki cəhətdən şikəst etmək cəhdidir. Həmçinin, hər bir dövlətin daxilində mikrodövlət olaraq, onun mövcudluğunun əsasını təşkil edən ailə institutunun məhv edilməsinə yönəlik terror əməli olmaqla bərabər, həmin ölkənin iqtisadi-ictimai inkişafını ciddi əngəlləmək vasitəsidir. Buna görə də hər bir ölkəyə narkotik maddələr vasitəsilə edilən hücumlar, din vasitəsilə edilən hücumlardan daha çox təhlükəlidir.

Belə ki, ölkədə yayılan dinlərin həm təbliği, həm nəticəsi göz qabağında olduğundan, onun qarşısının alınması nisbətən asan olur. Narkomaniyanın nəticələri aşkar görünsə də, onun ölkəyə gətirilməsi, yayılması tam məxfi aparıldığından ona qarşı mübarizə etmək daha çətindir. Bundan başqa, din insnaların zehnini, şüurunu, rəqib və ya düşmən ölkələrin məqsədi çərçivəsində qandalladığı halda, narkomaniya insanları həm fiziki, həm də zehni cəhətdən şikəst etməklə millətə, onun dövlətçiliyinə, vətəndaşların şəxsi və milli azadlığına daha güclü, ölümcül zərbə vurur.

İstər-istəməz ortaya sual çıxır ki, bəs bu təhlükəli bəlanın cəmiyyətdə ayaq açıb, qısa bir zamanda sürətlə yayılmasının səbəbləri nədir? Bu bəlanın qarşısının alınması yolu, üsulu varmı?

Əvvəlcə onu qeyd edim ki, təbiətdə baş verən zəlzələ, tornado, sunami və s. kimi təbii hadisələr istisna olmaqla, cəmiyyətdə baş verən iqtisadi-ictimai bəlaların, o cümlədən narkomaniya, dini əsaslarda baş verən proses və hadisələrin səbəbini ilk növbədə hər bir cəmiyyətin iqtisadi-ictimai quruluşundakı naqisliklərdə axtarmaq lazımdır. Çünki cəmiyyətdə baş verən mənfi proses və hadisələrin mütləq çoxluğu ya iqtisadi quruluşda mövcud olan naqisliyin davamı olaraq ortaya çıxır, ya da mövcud iqtisadi sistem ilə mövcud ictimai sistemlər arasındakı uyğunsuzluqların, boşluqların nəticəsi olaraq yaranır.

**

Dövlət quldarlığı quruluşuna malik olan böyük və güclü SSRİ-də dinə və narkomaniyaya görə həddən artıq ağır cəzalar verilməsinə, bu sahələrə çox ciddi və sərt nəzarət edilməsinə baxmayaraq, miqyas etibarilə çox kiçik olsa da, gizli dini təbliğat və narkomaniya mövcud idi. Dövlətin öz vətəndaşlarını qul hüququ çərçivəsində təmin etdiyi cəmiyyətdə belə, öz yerini tapa bilməyənlərin bir hissəsi narkotik maddə alverinə, istifadəçisinə çevrilirdi. Lakin dövlət bu kontingentin müəyyən çərçivədən çıxmasına imkan vermirdi. SSRİ dağılıb, Azərbaycan felən müstəqillik qazansa da, cəmiyyətin iqtisadi, tibbi, təhsil və s. sahələri iflic vəziyyətində, dövlət qurumlarında isə anarxiya hökm sürdüyü bir vaxtda Tehranın şovinist fars molla rejimi fürsətdən istifadə edərək, “Ettelaat”ın (Dövlət təhlükəsizlik qurumu – Ş.Q.) peşəkar kardlarından komplektləşdirilmiş heyətlərinin idarə etdiyi, “İmdade İmam”, “İran Mədəniyyət Mərkəzi” adı ilə maskalanmış “xeyriyyə” və “mədəniyyət” qurumları, ölkəmizdə dini təbliğat, narkotik maddələr gətirilməsi və satışı ilə məşğul olub, əldə olunan gəlirlərin hesabına terror və cəsusluq şəbəkəsi yaratdılar. İranın ali siyasi rəhbəri Xameneinin ölkəmizdəki şəxsi nümayəndəsi ifşa edilib, iki ölkə arasında münasibətləri kəskinləşdirməmək xatirinə Azərbaycanın dövlət rəhbərlərinin susqun razılığı ilə ölkəmizdən qaçan Ocaqnəjadın 30 il ərzində burada yaratdığı casusluq və terror şəbəkəsinə qarşı dövlət radikal tədbirlər görsə də, bütün ölkə ərazisində onun “yaradıcılığının” qalıqları adi gözlə belə seçilməkdədir.

(Ardı var)

Şapur QASİMİ