İranda terorçu öz "tələ"sinə düşərək öldü - PARTLAYICI QURĞUNU QURAŞDIRARKƏN...

İranın Sistan və Bəlucistan əyalətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri vaxtından əvvəl baş verən partlayış nəticəsində ölüb.

Bu barədə Zahidan (əyalət inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadin məlumat verib.

“İki terrorçu Mohamədan bölgəsində nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul xidməti həyata keçirən avtomobili partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb”, - o qeyd edib.

Onun sözlərinə görə, ikinci terrorçu hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Sistan və Bəlucistan əyaləti İranda gərginliyin olduğu bölgələrdən biridir. Bu region Pakistan və Əfqanıstanla həmsərhəddir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin böyük hissəsi, eləcə də yanacaq və digər məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasının böyük hissəsi bu ərazi vasitəsilə həyata keçirilir.