Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.
Demək olar ki, İrandan dronlarla vaxtaşırı narkotik keçirilmələri artıq adət halını alıb və bu insidentlərin baş verməsinə artıq alışmışıq. Stopnarkotik.az olaraq dəfələrlə materiallarımızda buna toxunmuşuq. Onu da vurğulamışıq ki, İranın Azərbaycana narkotik keçirməsi tendensiyası çoxdan bizə qarşı düşmənçilik siyasətinə çevrilib.
Amma bu dəfəki dronla narkotik keçirilməsi insidentində politoloq Elxan Şahinoğlu diqqətçəkən məqamı vurğulayıb. Politoloq özünün "Facebook" səhifəsində sözügedən insidentə maraqlı prizmadan nəzər salıb.
“İrandan növbəti dəfə külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Narkotik maddələrinin ümumi çəkisi 33 kiloqram olub. İrandan az qala hər həftə dronlar vasitəsilə Azərbaycana narkotik maddələr keçirməyə çalışırlar. İranda narkotik yetişdirilməsinə və daşınmasına görə ölüm hökmü mövcuddur. Ölüm hökmü İranda narkotik ticarəti ilə məşğul olanları qorxutmur, yoxsa qonşu ölkədə bu işlə məşğul olanların əhatə dairəsi genişdir? Digər sual ondan ibarətdir ki, İranda narkotik daşımaçılığı ilə məşğul olanlar bu qədər dronu necə əldə ediblər? İranda kustar üsulla dron hazırlamaq bu qədərmi asandır, yoxsa əhatə dairəsi geniş olan narkokuryerlər dövlətin istehsal etdiyi dronlardan yararlanırlar? Hər halda bu suallar sərhədlərinə cavabdeh olan iranlı generallara və məmurlara ünvanlanmalıdır”, - deyə Elxan Şahinoğlu qeyd edir.
Politoloqun yanaşmasında əks olunduğu kimi, iranlı generalların və məmurların cavab verməli olduğu sual ona dəlalət edir ki, İrandan narkotik keçirilməsi təsadüfi, xaotik xarakter daşımır. Əksinə, bu təşkilatlanmış şəkildə gedən sinsi prosesdir. Bunun adı düşmənçilikdir...
Stopnarkotik.az