İmişlidə toyda zəhərlənənlərin sayı 50 nəfəri ÖTDÜ - Prokurorluq ARAŞDIRMALARA BAŞLADI

Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Zəhərlənmənin səbəbini müəyyənləşdirmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə evdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin olunub, zəruri prosessual hərəkətlər icra edilib.

Hazırda zərərçəkənlərin müalicəsi davam etdirilir.

22:44

İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.

TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

18:54

Sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

***

18.17

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib: "Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır".

***

17.37

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Məlumatına görə, 18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.

Ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.

Faktla bağlı araşdırma aparılır./APA