İlon Maskdan narkotik istifadəçilərinə: MANE OLMAYIN, ÖLMƏK İSTƏYƏN ÖLSÜN

Heroindən 50 dəfə güclü opioid olan fentanil 2020-ci ildən bəri San Fransiskoda 2000 nəfərin ölümünə səbəb olub. Narkotiklərin leqallaşdırılması və nizamlanması tərəfdarları bunun doza həddinin aşılmasından yaranan ölüm və cinayəti azaldacağını iddia edirlər. Tənqidçilər iddia edirlər ki, tənzimləmə istifadəni nəzarətə alır, amma cinayəti cilovlamır və qarşısını almır.

San-Fransisko meriyasının rəhbərləri yeni siyasət haqqında danışırlar, amma şəhərdə nəzarət altında olan narkotikin istifadə olunduğu məkanlar yaratmaq cəhdləri hüquqi problemlərlə üzləşir. Buprenorfin və metadon əgər ağır narkotikdən imtina üçün təyin olunursa, bu ABŞ-da qanuni sayılır. Narkotik siyasətinin tərəfdarları da, əleyhdarları da bu iki preparatla müalicə haqqında müsbət fikirdədirlər. Sintetik narkotiklər böyük problemdir. Onların bəziləri ABŞ-da istehsal olunur, lakin qeyri-qanuni olaraq Asiya və Meksikadan da gətirilir. Digər ölkələrdə də fentanil sağlamlıq üçün təhlükə yaradır və insanlar həyəcan təbili çalır.

“Radboud Universiteti”nin psixiatriya və narkologiya professoru Arnt Şellekens deyir ki, narkotik istifadəsi hazırda ABŞ-da böyük ictimai sağlamlıq problemidir. “Hər gün 200-ə yaxın insan bundan ölür. Onların əksəriyyəti fentanildən istifadə edir”, deyə Şellekens bildirir. Professor Peters isə ifadə edir ki, fentanil istifadəsindən hər il 50.000 ilə 60.000 arasında insan ölür.

Bununla belə, ekspertlər hesab edirlər ki, fentanil istifadəsindən ölənlərin faktiki sayı daha çoxdur. Professor Şhellekens deyir: "Bir çox insan opiat doza həddini aşma sınağından keçməmiş ölür". Twitter-in CEO-su İlon Mask isə hesab edir ki, güclü sintetik narkotik olan fentanil leqallaşmalıdır. Mask hesab edir ki, mövcud yanaşma işləmir və opioid böhranı davam edir, bu da asılılıq və ölümlə nəticələnir.

Mask San-Fransiskodakı Twitter ofisinə gedərkən ictimai yerlərdə narkotik istifadəsinin necə şahidi olduğunu izah etdi. Texnomaqnat düşünür ki, narkotikin nizamlı tədarükünü əlçatan etməyə dəyər. O, fentanilin yayılmasını 1920-ci illərdə qadağandan sonra alkoqoldan ölənlərin sayı ilə müqayisə edib. “ABŞ-da spirtli içkilərin qadağan edilməsi tariximizdə mütəşəkkil cinayətkarlığın ən böyük artımına səbəb olub. Bu dərsi neçə dəfə öyrənməliyik?!", deyə Mask aprel ayında tvitində yazmışdı. Amma texnomaqnat bu fikir ilə özü-özünü təkzib edir. Çünki problem olan fentanilin leqallaşdırılması deyil, fentanilin geri dönülməz şəkildə zərbə vurması, öldürməsidir. Fentanil qeyri-leqal şəkildə nəzarətsiz istifadədə öldürürsə, leqal istifadədə də öldürəcək. Uzun sözün qısası, İlon Maskın demək istədiyi budur ki, mane olmayın, ölmək istəyən ölsün.  

Stopnarkotik.az