“İcra başçısının katibəsi” həbs edildi

Bakıda qadını aldadaraq ondan 7 700 manat pul alan Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Aygün Həsənova həbs edilib.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.

Bəlli olub ki, paytaxtda gözəllik salonunda çalışan Aygün tanış olduğu Pərvanə adlı qadına özünü Bakının rayonlarının birində icra başçısının katibəsi kimi təqdim edib. Pərvanənin iş axtardığını öyrənən Aygün onu aldadaraq pul almaq fikrinə düşüb. Bu məqsədlə o, Pərvanəyə işini dəyişdirəcəyini və istəyərsə, İcra Hakimiyyətində katibə vəzifəsində boş qalan yerinə təyin etdirəcəyini deyib. Buna inanan Pərvanə Aygünün təklifi ilə razılaşıb. Aygün təyinata görə 15 000 manat tələb edib və pulun 7 700 manatını alıb.

Daha sonra Aygünün icra hakimiyyətində işləməməsi, çoxsaylı şəxslərə borcunun olması üzə çıxıb və onun barəsində polisə şikayət edilib.

Avqustun 5-də Aygün Həsənova həbs edilib. Masallı Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.