“Qloballaşan dünyanın öz qanunları var. Texnologiya əsrində yaşayırıq, dünyada hansı proses baş verirsə istər-istəməz öz təsirini hər bir dövlətə göstərir, o cümlədən, bizdən də yan keçmir. Sirr deyil ki, son dövrlər narkomaniyanın ərazisi də genişlənir, istifadəçilərin yaşı isə kiçilir. Bu da, əlbəttə ki, həyəcan təbili çalmağın zamanı olduğundan xəbər verir”.
Bu fikirləri Stopnarkotik.az saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin rəhbəri, yazıçı-publisist Gülnarə Cəmaləddin bildirib.
Gülnarə xanım deyir ki, cəmiyyətimizin “qara yara”sına çevrilən bu bəlaya qarşı hazırda müvafiq addımlar atılsa da, problemin kökünü kəsmək üçün zamana ehtiyac var: “Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bununla bağlı vaxtaşırı lazımi tədbirlər görür, aidiyyəti orqanlara öz tapşırıqlarını verir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə bu sahədə çox böyük işlər görülür. Amma onu da etiraf etməliyik ki, bu problemin kökünü birdən-birə kəsmək mümkün deyil”.
Gülnarə Cəmaləddin bu fikirdədir ki, narkomanların cəzalandırılması doğru deyil, əksinə, onlar reabilitasiyaya cəlb olunmalıdır: “Əlbəttə, bu məsələlər də tədricən həllini tapır. Çünki həm də maarifləndirmə işi gücləndirilməlidir. Bəllidir ki, narkomaniya cahilliyin tüğyan etdiyi yerdə daha geniş ərazini əhatə edir.
Narkotik satıcılarına gəldikdə isə, düşünürəm ki, cəzalar sərtləşdirilməlidir”.
AYB-nin Sumqayıt bölməsinin rəhbəri hesab edir ki, narkomaniyaya qarşı mübarizədə tanınmış insanların, xüsusilə də sənət adamlarının təsiri çox böyükdür: “Biz orta məktəbdə oxuyanda tez-tez şairlərlə, yazıçılarla, rəssamlarla, aktyorlarla məktəblilərin görüşləri keçirilirdi. Uşaqlar onlardan həm çox şeylər öyrənir, həm də onlarda elmə, sənətə qarşı münasibət formalaşırdı.
Qeyd etdiyim kimi, narkomaniya elə bir məsələdir ki, bunun qarşısını birdən-birə almaq mümkün deyil. Bunun üçün sosial şəbəkələrdə müəyyən yaş qruplarına bəzi qadağalar qoyulsa, onların asudə vaxtının səmərəli təşkil olunması üçün mədəniyyət evlərinin, poeziya teatrlarının, dram dərnəklərinin, rəsm dərnəklərinin sayı artırlsa, daha yaxşı nəticə əldə etmək olar.
Məlumat verim ki, biz vaxtilə AYB Sumqayıt bölməsinin nəzdində mərhum şairimiz Sabir Sarvanın təşəbbüsü ilə Uşaq Poeziya Teatrı yaratmışdıq. Məqsədimiz teatra gələn uşaqları şair etmək deyildi, onların poetik zövqünü yüksəltmək, onlarda ədəbiyyata, sənətə maraq oyatmaq və cəmiyyət üçün əsl vətəndaş yetişdirmək idi.
Bundan başqa, gənclər üçün maraqlı elmi əyləncələr, görüşlər, elmi müzakirələr təşkil olunsa, onlar müəyyən sahədə çalışsalar, başları qarışar və başqa şeylər haqqında düşünməyə vaxtları qalmaz. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti olduqdan sonra bölgələrdə Olimpiya Kompleksləri tikdirdi. O komplekslər bu gün də fəaliyyət göstməkdədir. Sadəcə, gəncləri belə yerlərə daha çox cəlb etmək və idmanın faydalarını onlara başa salmaq lazımdır. İdmanla məşğul olan gəncləri, məncə, sağlamlıqdan və qələbədən başqa heç nə cəlb etməz və düşündürməz”.
Gülnarə Cəmaləddin deyir ki, narkomaniyanın qarşısını almaq üçün təhsil sistemində dəyişiklik vacibdir: “Dərs vəsaitindən çox, məktəblərdə kiçik yaşlı uşaqlar üçün bu mövzu haqda, onun zərərləri ilə bağlı şəkilli kitablar hazırlanmalı, mütəxəssislər tərəfindən video roliklər, düşündürücü filmlər çəkilməli və mütəmadi şəkildə nümayiş etdirilməlidir”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az