"Hücumu 6 aya planlaşdırmışdım..." - ABŞ prezidentini öldürmək istəyən gənc danışdı

Mayın 22-də Vaşinqtonda Ağ Evin yaxınlığında hasara çırpılan yük furqonunun sürücüsü prezidenti öldürmək istədiyini deyib. Missuri ştatının sakini 19 yaşlı Sai Varşit Kandula hücumu 6 aya planlaşdırıb.

Bu barədə NBC məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Hadisə bazar ertəsi axşam baş verib, təhlükəsizlik və Ağ Evin əməkdaşlarından heç kim xəsarət almayıb.

Dindirmə zamanı Kandula "nasistlərə heyran olduğunu” və "hakimiyyəti ələ keçirmək” istədiyini bildirib. Hadisə zamanı onun üzrəində internetdən aldığı faşist svastika olan bayraq olub və gənc bunu "nasistlərin böyük tarixi var” deməklə əsaslandırıb. O, Hitleri heyran olduğu "güclü lider” adlandırıb.

O, həmçinin bildirib ki, məqsədi "Ağ Evə gizlicə girmək, hakimiyyəti ələ keçirmək və millətə rəhbərlik etməkdir”. "Agentlər Kandulanın hakimiyyəti necə ələ keçirəcəyini soruşduqda, o, prezidenti öldürəcəyini və onun yolunda duran hər kəsə zərər verəcəyini bildirdi”, - sənədlərdə deyilir.

Kandula prezidenti öldürmək niyyətində, habelə təhlükəli silahla hücumda, ehtiyatsızlıqdan avtomobil idarə etməkdə, federal əmlaka zərər vurmaqda və qorunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunur. Onun işinin araşdırılmasında ABŞ Məxfi Xidməti və FTB iştirak edir. Dünən, mayın 23-də onun evində axtarışlar aparılıb.