Rusiyanın Ukraynaya qarşı işğalı davam etdikcə, həm Ukraynanın özündə, həm də onun tərəfdaşları arasında yorğunluq və pessimist proqnozlar artır. Xüsusilə də Ukrayna əks-hücumunun gözlənilən effekti verməməsi neqativ əhval-ruhiyyəni xeyli gücləndirib.
NATO Hərbi Komitəsinin sabiq sədri, Çexiya ordusunun sabiq Baş Qərargah rəisi, general və Çexiyanın hazırkı Prezidenti Peter Pavel Ukrayna müharibəsindəki real vəziyyəti dəyərləndirib.
“BBC”-nin verdiyi məlumata görə, Çexiya ordusu komandanlığının iclasında çıxış edən Prezident Qərbin səhvlərinə və bunun Ukrayna üçün yaratdığı çətinliklərə diqqət yetirib: “Ukraynanın əks-hücum əməliyyatı ukraynalıların özlərinin gözlədiyi kimi inkişaf etmir. Qərbin dəstəyi kifayət qədər kütləvi və operativ deyildi. Hazırlıq üçün sərf olunan vaxt Rusiyanın Ukraynanın əks-hücumuna yaxşı hazırlaşmasına imkan verdi. Ukraynaya silah tədarükü ləngiyir və Ukrayna hərbçiləri məlum səbəblərə görə nəinki yorğunluq hiss edirlər, hətta Qərbin dəstəyinin səviyyəsindən getdikcə məyus olurlar”.
Pavel qeyd edib ki, hazırda mövcud olan durum Ukraynanın ağır qış öncəsi vəziyyətinin heç də ürəkaçan olmadığını göstərir: “Bu durum qarşıdakı çətin qışdan necə sağ çıxmaq üzərində düşünən Ukraynanın bütün bu müddət ərzində təlim alan, hərbi istehsalı artıran və hazırda Qərbin Ukraynanı təmin etdiyi qədər, hətta ondan daha çox texnika və sursatla öz ordusunu təmin edə bilən düşmən üzərində üstünlük əldə etməsi üçün heç də ən yaxşı başlanğıc nöqtəsi deyil".
Pavelin sözlərinə görə, Ukraynanın enerji infrastrukturunun ən azı üçdə biri məhv edilib və bu infrastrukturu qışa qədər bərpa etmək mümkün olmayıb. General hesab edir ki, bu, həm əhali, həm də Ukrayna Silahlı Qüvvələri üçün əlavə problemlər yaradacaq.
Çexiya Prezidentinin sözlərinə görə, Ukraynada davam edən müharibə özündə böyük risklər daşıyır. Onun fikrincə, müharibədən yorğunluq təkcə müharibə edən tərəflərdə deyil, həm də onların hər ikisini ayrı-ayrılıqda dəstəkləyən bütün digər ölkələrdə özünü büruzə verir: “Bütün bunlar münaqişəni razılaşma ilə bitirmək üçün Ukraynaya təzyiqin artmasına səbəb olacaq. Bu razılaşma isə əgər baş tutarsa, təbii ki, döyüş meydanındakı real vəziyyətə əsaslanacaq”.
Bununla da kifayət qədər mötəbər hərbçi və siyasətçi kimi tanınan Pavel Qərbin qətiyyətsizliyinin və dəstəyinin lazımi səviyyədə olmamasının Ukraynanı əlverişsiz atəşkəs razılaşmasına sövq edə biləcəyinin siqnalını verib.
Onu da xatırladaq ki, Peter Pavel Ukrayna əks-hücumundan əvvəl bunun Ukrayna üçün yeganə və son şans olduğunu demişdi. O, qeyd etmişdi ki, Qərbin Kiyevə ikinci belə bir şans verəcəyi böyük sual altındadır./azpolitika.info