Aysel Fikrət: “Yeniyetmə və gənclərin yaşadığı, oxuduğu, təhsil aldığı mühitə diqqət yetirmək lazımdır”
“Narkomaniya, narkotika bəlası vəzifəsindən, işindən, peşəsindən asılı olmayaraq hər bir kəsi narahat edir. Çünki hamı evində övlad böyüdür. Uşaqların gələcəyindən qorxu hissi hər bir məsulliyyətli valideyni rahat buraxmır. Onun üçün bir yumruq kimi birləşib, bu bəlanın ölkəmizdən birdəfəlik izinin itməsi üçün dövlətimizin, cənab Prezidentimizin ətrafında sıravi əsgəri kimi fəaliyyətimizi daha da intensivləşdirməliyik”.
Bu haqda Stopnarkotik.az-a açıqlama verən Milli Konservatoriyanın mətbuat katibi, İncəsənət Gimnaziyasının müəllimi, yazıçı-publisist Aysel Fikrətin fikrincə, hər bir valideyn övladını “yumşaq nəzarət” altında saxlamalıdır: “Hər şeydən öncə valideyn nəzarəti olmalıdır. Sonra yaşadığı, oxuduğu, təhsil aldığı mühitə diqqət yetirmək lazımdır. Çünki bir insanı onun mühiti formalaşdırır. İnsan yarandığı gündən yaşadığı hər bir anı ilə bağlı özünə hesabat verməlidir. Əgər insanın içində o hesabatlılıq yoxdursa, bu təhlükəlidir”.
Aysel xanım hesab edir ki, yeniyetmə və gənclərə yaxşı təhsil verilərsə, onların məşguliyyəti düzgün istiqamətə yonəldilərsə neqativ hallara meyl etməzlər. O deyir ki, cəmiyyətimizdəki narkotik bəlasından xilas olmaq üçün maarifçilik sahəsində daha geniş işlər görülməli, eyni zamanda narkoticarətlə əlaqədar cəzalar sərtləşdirilməlidir:
“Hazırda məktəb psixoloqlarına maarifçiliklə bağlı təlimatlar verilib. Məsələn, bizim İncəsənət Gimnaziyasının psixoloqu Yeqana İsgəndərova sinif otaqlarında seminarlar keçir və bu barədə maarifləndirici söhbətlər aparır. Məsələ bundadır ki, bəzi bu kimi neqativ hallar ailədən başlayır. Valideynin müalicəyə ehtiyacı olduğu halda yeniyetmə nə etsin?! Əlbəttə, övlad da onun yolunu davam etdirəcək. Ona görə, biz durmadan bu cür neqatif halların qarşısını almaq istiqamətində fəaliyyət göstərməli, müvafiq addımlar atmalıyıq”.
Aysel Fikrət deyir ki, cəmiyyətdə nüfuzu olan ziyalılar, üzdə olan bütün sənət adamları narkomaniyaya qarşı mübarizəyə sövq edilməlidir: “Biz buna məcburuq. Bu işə çox həssas yanaşmaq gərəkdir. Çünki indiki gənclik Azərbaycanın sabahıdır. Amma bir iş də var ki, bu bəla, məsələn, az muğənninin də həyatını məhv etməyib. Butun dünya üzrə təcrübələr bunu göstərir ki, bəzi hallarda bu dəhşətli bəladan müalicə ilə də qurtulmaq olur.
Ona görə, hesab edirəm ki, sərt qadağalar qoyulmalıdır. Qaydaları kəskinləşdirmək gərəkdir. Mən inanıram ki, bu barədə ölkəmizdə çox ciddi islahatlar gedir, bunu hiss etmək olur. Düzdür, narkomaniya hələ də “əsrin bəlası” kimi çox insanları məhv etməklə məşğuldur. Amma düşünürəm ki, məktəblərdə, litseylərdə və universitetlərdə tez-tez mühazirələr aparmaq, narkomaniyanın zərələri ilə bağlı filmlər nümayiş etdirmək, kiçik broşürlər hazırlamaq, mövzunu əhatə edən təlimatları yeniyetmə və gənclərə çatdırmaq böyük şərtdir.
Mən bir Azərbaycan yazıçısı, uzun illər təhsil sahəsində çalışan bir müəllim kimi, Azərbaycan gəncini savadlı, ağıllı, sağlam, xoşbəxt, gələcəyinin planını qura bilən, həyat dolu görmək istəyirəm. Biz hamımız buna çalışmalıyıq”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az