“Hər kəs bilməlidir ki, narkomaniyadan çıxış yolu var…” – PROQRAM RƏHBƏRİ

Əjdər Bəşirov: Havadan, sudan, hətta yerin altından belə, kanallar var ki, narkotik sərhədi maneəsiz aşır…”

“Narkomaniyadan çıxış yolu var. Bu çıxış yolu reabilitasiya və “12 Addım” proqramıdır. Bunun lazımi səviyyədə təbliğatın aparsaq, nəticə yüksək olar”.

Stopnarkotik.az xəbər verir ki, bunu saytımıza açıqlamasında “Restart Reabilitasiya Mərkəzinin proqram rəhbəri Əjdər Bəşirov bildirib. O, hesb edir ki, narkotik aludəçiliyi 2 faktordan qaynaqlanır. Birincisi, genetik faktordur. İkincisi isə, uşağın disfunksional ailədə aldığı travmalardır.

Ə.Bəşirovun fikrincə, yeniyetmə və gənclərin narkotikə meyl etməməsi üçün orta və məktəblərdə maarifləndirici tədbirlər təşkil olunmalıdır. Eyni zamanda, televiziya kanalları da mütəmadi olaraq maarifləndirici verilişlər verməlidir. “İctimai təşkilatlar bunun qarşısını ala bilməz. Sadəcə, cəmiyyəti maarifləndirmək üçün tədbirlər keçirməli və bu bəladan necə qurtulmağın yollarını təbliğ etməlidir. Mətbuat, televiziya ödənişsiz təbliğatı aparsalar, hər həftə mütəxəssislər dəvət edib, maarifləndirici verlişlər hazırsalar, faydası olar”, - deyə o, vurğulayıb.

Proqram rəhbəri bildirir ki, narkomaniyadan çıxış yolu var: “Bu təbirlər o zaman fayda verə bilər ki, biz narkomaniyadan çıxış yolu olduğunu xalqımıza, millətimizə doğru-dürüst şəkildə çatdıraq. Hər kəs bilməlidir ki, narkomaniyadan çıxış yolu var və bu yol - reabilitasiya və “12 Addım” proqramıdır. Bunun lazımi səviyyədə təbliğatın aparsaq, nəticə yüksək olar”.

Əjdər Bəşirov onu da deyir ki, narkomaniyaya qarşı mübarizədə narkotik maddələrin əlçatan olmasını önləmək də mühüm məsələdir: “Bilirsiniz ki, narkobiznes qlobal problemdir. Bunun qarşısını keçmişdə almaq mümkün olmayıb, bu gun də mümkün deyil, gələcəkdə də mümkün olmayacaq. Bu, insan övladını məhv etmək üçün bir “şər qüvvədir” və ən çox gəlir gətirən qeyri-leqal biznes sahəsi olduğu üçün, qarşısını tam olaraq almaq da mümkün deyil. O səbəbdən də, bu gün narkotik vasitələrin ölkəmizə giriş-çıxışını kontrol etmək mümkün olmur. Çünki havadan, sudan, yerdən, hətta yerin altından belə kanallar var ki, narkotik sərhədi maneəsiz aşır. Ona görə deyirəm ki, bu qarşısıalınmaz bir problemdir.

Bu səbəbdən, hesab edirəm ki, bu gün narkomaniyaya qarşı ən effektiv mübarizə - bu bəlaya düçar olmuş insanların sağalması üçün reabilitasiyaların fəaliyyəti və “12 Addım” proqramının ölkə səviyyəsində tətbiq olunmasıdır”.

Hazırladı: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az