"HƏMAS İsraili dövlət kimi tanımağa hazırdır" - Fələstin səfiri

Fələstinin Vyanadakı səfiri Salah Abdel Şafi bildirib ki, HƏMAS-ın İsraili dövlət kimi tanımağa hazır olduğunu göstərən siqnallar ortaya çıxıb. 

Səfir bu barədə "RİA Novosti"yə bildirib.

"HƏMAS İsraili dövlət kimi tanımaq istəmirdi. Məncə, razılığa gələ bilərik. HƏMAS-dan iki dövləti tanımağa hazır olduqlarına dair müsbət siqnallar gəlir”, deyə Salah Abdel Şafi bildirib.

O əlavə edib ki, HƏMAS və Fələstinin həmişə fərqli siyasi mövqeləri olub. Onun sözlərinə görə, Fələstin bir bölgədə iki dövlətin birgə yaşamasının tərəfdarıdır.

Qeyd edək ki, hərəkat 1988-ci ildə yaranandan bəri onun məqsədi İsraili məhv etmək və ərazisində yaşayan yəhudilərə qarşı mübarizə aparmaq olub.

Dekabrın 14-də HƏMAS-ın siyasi büro rəhbərinin müavini Musa Əbu Mərzuk bildirib ki, hərəkat Fələstin fraksiyaları arasında fikir ayrılıqlarına son qoymaq üçün atılan addım kimi İsraili bir dövlət kimi tanıya bilər. O, HƏMAS-ın Fələstin Azadlıq Təşkilatının İsraili danışıqlarda tərəfdaş kimi tanımaq mövqeyinə sadiq qalacağını ehtimal edib.