“HƏMAS-ı tamamilə məhv edəcəyik" - İSRAİL MÜDAFİƏ NAZİRİ

HAMAS-ın 1000-dən çox döyüşçüsü İsrail ərazisinə daxil olub.

Bunu ölkənin müdafiə naziri Yoav Qallant NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib.

“7 oktyabrda baş verən hücum zamanı mindən çox radikal HAMAS döyüşçüsü İsrailə daxil olub. Bununla yanaşı minlərlə raket atılıb və HAMAS üzvləri cənub sərhədimizdən ərazimizə keçib”, - deyə nazir bildirib.

İsrail müdafiə naziri onu da qeyd edib ki, baş verənlərdən sonra İsrailin HAMAS-ı tamamilə məhv etmək qərarı qətidir: “Bu, İsrailin gələcəyi üçün aparılan müharibədir. Biz yerdəki reallığı dəyişəcəyik. İsrail Müdafiə Qüvvələri HAMAS-ı məhv edəcək. Bu müharibə uzun sürəcək və çətin olacaq, lakin İsrail qalib gələcək”.

Qallant vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, İsrail öz vətəndaşlarını istənilən təhlükədən qorumağa hazırdır.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.

Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

9 oktyabrdan etibarən İsrail hakimiyyəti Qəzza zolağının tam miqyasda blokadaya alınması, elektrik və su təchizatının kəsilməsi, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.