Dövlət başçılarının xüsusi tibbi personalı olsa da, bəzən siyasi liderlər onların xidmətlərindən istifadə etməkdən imtina ediblər.
1936-cı ildə Adolf Hitlerin ayaq nayihələrinin dərisində qızartılar yarananda da fürer öz həkimlərinə etibar etməyib. Nəhayət, problem ciddi narahatlıq yaradanda Hitler öz yaxınlarına həkim axtarmağı tapşırıb. Fürerin şəxsi fotoqrafı, həm də yaxın dostluq münasibətində olduğu Henrix Qofman Hitlerə Teodor Morel adlı bir həkimi məsləhət görüb.
Beləliklə, Morel fotoqrafın vasitəçiliyi ilə Hitlerin görüşünə gəlib. Həkim müayinələrdən sonra fürerdə ekzema xəstəliyini aşkar edib və iki həftəlik müalicə kursu yazıb. Müalicəni qəbul edən Hitler 5-6 gündən sonra müsbət nəticələri hiss etməyə başlayıb. Kursun sonunda isə o, Moreli yenidən yanına dəvət edib, təşəkkürünü bildirib:
- Mən son 20 ildə ilk dəfə şahidi oluram ki, həkimin yazdığı müalicə kursu 10-15 gün ərzində müsbət nəticəsini verir. Buna görə sizə minnətdarlığı bildirirəm. Siz məni heyrətləndirdiniz. Arzu edərdim ki, sizi öz komandamızda görək.
Füreri müalicəsi çox da çətin olmayan adi bir ekzemadan xilas edən həkim təvazökarlıqla cavab verib:
- Mənim fürerim, sizə xidmət etməkdən şərəf duyuram. Diqqətinizə çatdırım ki, narahatlığınıza əsas yoxdur. Almaniya səhiyyəsi bu cür xəstəliklərin öhdəsindən çox asanlıqla gəlmək iqtidarındadır.
Daha sonra Hitler səhhətindəki digər problemlər haqqında danışıb:
- Böyük Almaniya uğrunda gördüyümüz işlər bəzən bizə sağlamlığımız haqqında düşünməyi unutdurur. Buna görə də mən bu işi sizə həvalə edirəm, bu gündən mənim şəxsi həkimim kimi fəaliyyət göstərəcəksiniz. Beləliklə, təsadüfi bir görüş, adi bir ekzema xəstəliyinin müalicəsi Moreli fürerin şəxsi həkiminə çevirib...
Teodor Morel 1886-cı ildə Almaniyanın Myuntsenberq şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Parisdə və Münhendə ali tibb təhsili alıb. 1913-cü ildə doktorluq dissertasiyası müdafiə edib. I Dünya müharibəsinə könüllü gedən Morel hərbi gəmilərdə həkim kimi xidmət edib. 1920-ci ildə dövrün tanınmış aktrisası İohanne ilə ailə həyatı qurub. 1933-cü ildə nasist partiyasına daxil olub. Berlinin mərkəzində şəxsi klinikaya sahib olan Morel həm öz gəlirləri, həm də kifayət qədər imkanlı olan həyat yoldaşının hesabına zəngin həyat sürüb.
1936-cı ildə şəxsi həkimi təyin olunduqdan sonra Hitler Morelə tibbi təcrübələr və şəxsi klinikasını inkişaf etdirmək üçün böyük maliyyə vəsaitləri ayırıb ki, bu da həkimin maddi durumunu daha da zənginləşdirib.
Morel şəxsi həkim qismində ilk növbədə Hitleri narahat edən bağırsaq xəstəliklərinin müalicəsi ilə məşğul olub. Əsasən qeyri-ənənəvi və xalq təbabəti üsullarından istifadə edən həkim qısa zamanda fürerin bu narahatlığını aradan qaldırmağa nail ola bilib. Amma Hitlerin səhhətindəki problemlər bitib tükənməyib. Hitleri daha çox narahat edən gecələr yuxusuzluq problemi, səhərlər isə əzgin olması ilə bağlı olub. Bu vəziyyəti aradan qaldırmaq üçün Morel kiçik dozalardan başlayaraq tərkibində narkotik vasitələr olan dərman preparatlarından istifadə etməyə başlayıb. Zaman-zaman doza həddi qaldırılıb. Həkimin bu təyinatından Hitler çox məmnun qalıb.
Həkimin bu cür müalicə üsulu Hitlerin ən yaxın ətrafını ciddi narahat etməyə başlayıb və bu haqda onunla bir neçə dəfə ciddi söhbət aparılıb. Bu söhbətlərin sonu Hitlerin bir cümləsi ilə yekunlaşıb: “Mən Morelə inanıram və sağlamlığımı ona həvalə etməkdə yanılmamışam. Heç kimə onun haqqında artıq söz deməyə də icazə vermirəm...”
Morel isə öz işini davam etdirib, narkotik tərkibli dərmanların siyahısı günbəgün uzanıb və artıq hamıya məlum olub ki, Morel Hitlerdə narkotik asılılıq yaradıb. Hitler 1943-cü ildə meydanda partiya üzvləri qarşısında iki saatdan artıq ayaq üstə və çox gümrah şəkildə çıxış edəndə də, çoxlarına aydın olub ki, fürerin bu “gümrahlığı” hansısa dərmanların hesabınadır.
Bəzi araşdırmaçıların versiyasına görə, Morel Britaniya kəşfiyyatına işləyib və külli miqdarda pul hesabına o, Hitlerin səhhətində ciddi problemlər yaratmaq tapşırığını alıb. Bu versiya təsdiqini tapmasa da, sual kimi cavabsız qalıb.
1943-cü ilin sonlarında Hitlerin səhhətində ciddi problemlər yarananda və aradan qaldırılması mümkün olmayanda fürerin öz sədaqətli həkiminə inamı azalıb. Əvvəlki dost münasibətləri də soyuyub. Ancaq Morel öz təmkinini itirməyib, əvvəlki kimi xidmətini davam etdirib, o cümlədən şəxsi zənginliyinin təmini üçün də bütün vasitələrdən istifadə edib.
Fürerlə həkim arasında bu cür soyuq münasibətlərə Hitler 1945-ci ilin aprelin 21-də, ölümündən 9 gün əvvəl son qoyaraq Moreli vəzifəsindən azad edib.
Vəzifəsindən azad olunduqdan sonra Morel Berlini tərk edib. Almaniyanın məğlubiyyəti onu ciddi narahat edib. Fürerin həkimi kimi həbs olunacağına şübhə etməyən həkim Almaniyadan qaçmaq istəyəndə 1945-ci ilin iyul ayının 17-də Münhen vağzalında Amerikanın xüsusi xidmət orqanları əməkdaşları tərəfindən həbs edilib.
İstintaq zamanı Morel özünü müdafiə etməyi bacarıb və o, hərbi cinayətkar kimi ittiham olunmayıb. 6 ay cəzaçəkmə müəssisəsində saxlandıqdan sonra Morel azadlığa buraxılıb. Morel çoxlarını, o cümlədən Adolf Hitleri müalicə etsə də, öz xəstəliyinə çarə tapmayıb. O, 1948-ci ildə, 61 yaşında ürək xəstəliyindən vəfat edib./musavat.com