Hindistanın XİN rəhbəri: ABŞ Tehran və Yeni Dehli arasında Çabahar limanı ilə bağlı razılaşmaya dar bucaqdan baxmamalıdır

Hindistanın xarici işlər naziri Vaqşintona sətiraltı mesaj ötürüb. O bildirib ki, ABŞ Tehran və Yeni Dehli arasında Çabahar limanı ilə bağlı razılaşmaya dar bucaqdan baxmamalıdır.

“Mən bəzi şərhlərin edildiyini gördüm, amma düşünürəm ki, bu, ünsiyyət, inandırma və insanlara bunun əslində daha böyük rifah üçün olduğunu başa salmaq  məsələsidir. Düşünmürəm ki, ABŞ-dakı insanlar buna dar bucaqdan baxacaqlar”, deyə Hindistanın XİN rəhbəri Cayşankar ABŞ-ın Çabahar strateji limanının idarə olunmasına dair İranla razılaşmaya görə Yeni Dehliyə qarşı sanksiyalar tətbiq etmək hədələrini şərh edərkən deyib.

Mayın 13-də Hindistan və İran bu limanın 10 il müddətinə idarə olunması haqqında saziş imzalayıblar ki, bu da ölkəyə xarici limanı idarə etmək üçün unikal şans verəcək. Hindistan Sistan və Bəlucistan əyalətlərindəki Çabahar limanını Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit qovşağına çevirməyə çalışır.

Şimal-Cənub nəqliyyat dəhlizi Avrasiya daxilində sürətləndirilmiş ticarət mübadiləsi üçün Rusiya Federasiyası, İran, Azərbaycan və Hindistanın birgə layihəsidir.

Stopnarkotik.az