Azərbaycanın tanınmış jurnalisti Azər Rəşidoğlu ağır xəstəliklə mübarizəsində dövlətin ona sahib çıxdığını və müalicəsinin Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını açıqlayıb.
Bu barədə o, Facebook səhifəsində paylaşım edib və göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Rəşidoğlunun sözlərinə görə, ilk əməliyyatını Azərbaycanda etdirməyə üstünlük versə də, xəstəlik getdikcə şiddətlənib və yerli, həmçinin xarici həkimlər onun xaricdə müalicə olunmasını tövsiyə ediblər. Bir qrup media nümayəndəsi, deputatlar, alimlər və QHT rəhbərləri Prezidentə və Mehriban xanıma onun xaricdə müalicə alması üçün müraciət ediblər.
“İnanırdım ki, müsbət reaksiya olacaq, amma bu qədər tez olacağını düşünməzdim”, – deyə jurnalist qeyd edib.
Heydər Əliyev Fondunun nümayəndələri Rəşidoğluna tezliklə Türkiyəyə göndəriləcəyini və dövlətin sona qədər onun yanında olacağını bildirib. Hətta sənədlərlə bağlı yaranan kiçik problem də dərhal həll edilib. Fondun təmsilçisi jurnalist sağalana qədər onun tək buraxılmayacağını və məsələnin şəxsən Prezidentin nəzarətində olduğunu vurğulayıb.
“Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı. Allah Azərbaycanımızı qorusun! Hər birinizə təşəkkür edirəm!” – deyə Rəşidoğlu sonda bildirib.
Dəyərli həmkarımız Azər Rəşidoğlunun bu çətin mübarizədən qalib çıxmasını və tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!