Həbsdə olan bağça müdiri ilə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda ittiham edilən iş adamı, Xırdalandakı "İncilər" bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Təravət Bilalovun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.

Qeyd: Təravət Bilalov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. İttihama görə, Təravət Bilalov qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb. O, 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər./pravda.az