Hava limanında qıza sataşan 36 yaşlı kişi həbs edildi - TƏFƏRRÜAT

Naxçıvan Beynəlxalq Hava Limanında qıza sataşan 36 yaşlı kişi həbs edilib.

Hadisə noyabrın 6-da baş verib.

Şərur rayon sakini, 1989-cu il təvəllüdlü Əfqan Babayev hava limanı ərazisində Əsmər adlı qadının arxasına düşüb, qışqırmaqla telefonunu əlindən almağa çalışıb.

Ərazidə olan polis əməkdaşları onlara axınlaşıblar. Qadın həmin şəxsin onu narahat etdiyini bildirib. Buna görə də qeyd edilən şəxs barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilib.

Polis şöbəsində onun Şərur rayonun kəndində anadan olmuş Əfqan Babayev (ad-soyad şərti verilib – red.) olduğu müəyyən edilib.

İş üzrə izahat verən Ə.Babayev bildirib ki, noyabrın 6-da hava limanına gəlib: “Bakı şəhərinə getmək istəyirdim. Biletimin uçuş vaxtı gecikdiyi üçün yeni bilet almaq məqsədilə kassadan növbə çəkdikdən sonra yaxınlıqdakı oturacaqda bir qızın əyləşdiyini gördüm. Qızla danışdım, daha sonra çölə çıxaraq siqaret çəkdim”.

Təqsirli bilinən şəxs bildirib ki, polis idarəsində verdiyi izahatında qeyd olunanlar doğrudur: “Hadisə içkili olduğum zaman baş verib. Törətdiyim əməldən peşmanam. Bir daha belə hallara yol verməyəсəm”.

İş üzrə izahat verən Əsmər deyib ki, noyabrın 6-da Bakı şəhərindən gələn dostunu qarşılamaq üçün hava limanına gəlib: “Hava Limanının qarşısında təyyarənin enməsini gözlədiyim zaman 1 nəfər tanımadığım şəxs sərxoş vəziyyətdə yaxınlaşaraq çay içməyə getməyi təklif etdi. Ona ehtiyac olmadığını bildirdim. Yanımda dayandığı üçün hava limanın qarşısında daşın üstündə əyləşdim. O da yanımda oturaraq əlini boynuma salmaq istəyəndə kənara çəkildim. Həmin şəxs mənə bir daha yaxınlaşmaq istədi”.

Əsmər qeyd edib ki, ona zəng gəldiyi üçün telefonu açmaq istəyib: “Həmin şəxs telefonu açmağıma imkan vermədi, telefonu məndən almaq istədi. Buna görə onun üstünə qışqırdım, qorxduğum üçün insanların arasına getməyə, davam edərsə, atama məlumat verməyi qərara aldım.

Hava Limanından çıxış qapısından içəri daxil olaraq bilet almaq üçün təyin olunmuş çek aparatının yanında oturacaqda əyləşdim. Həmin şəxs mənə yaxınlaşdı, bir daha telefonumu əlimdən almaq istədi. Bundan sonra oradan Hava Limanı əməkdaşına xəbər verdim. Bizi polis şöbəsinə gətirdilər”.

Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 9 gün müddətinə inzibati qaydada həbs edililib./"teleqraf"