"Hansısa ərazidə xilasedici yoxdursa, ora həm təhlükəli, həm də qadağan olunmuşdur" - FHN

Son günlər mətbuatda dənizdə batma halları ilə bağlı xəbərlərin sayında artım müşahidə edilir. Onların bəziləri dənizin nəzarətsiz hissəsində üzdükləri üçün, bəziləri təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün boğulurlar.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sularda təhlükəsizliklə bağlı ilboyu təhsil və səhiyyə ocaqlarında, məktəblərdə, uşaq bağçalarında, universitetlərdə o cümlədən xəstəxanalarda və poliklinikalarda silsilə maarifləndirmə tədbirləri keçirilir. Burada nazirliyin digər qurumları tərəfindən yanğın təhlükəsizliyi, sel, zəlzələ, daşqınlar və təbii fəlakətlər zamanı davranış qaydaları ilə bağlı məlumatlar verilir:

“Bundan əlavə çimərlik mövsümünıə hazırlıqla əlaqədar olaraq Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətiv tərəfindən xüsusi zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Aprel ayından etibarən yerli icrta nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər təşkil olunur. Monitorinqlərin aparılmasında əsas məqsəd istifadəyə yararsız və təhlükəli çimərlik ərazilərinin müəyyən edilməsi, o cümlədən çimərlik operatırlarına təhlükəsizlik qaydaları barəsində bildirişlərin təqdim edilməsidir. Xidmətin nəzarət etdiyi və İDEA İctimai Birliyinin təşəbbbüsü ilə yaradılmış çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr, təmizləmə işləri görülür. Məhz bu sualtı müayinə zamanı aşkar edilmiş təhlükələr (yarğanlar, burulğanlar, qəfləti dərinliklər) olan ərazilər xüsusi nişanlarla nişanlanır. Sahildə də həmin ərazidə çimməyin təhlükəli olduğunu bildirən nişanlar yerləşdirilir. Bununla yanaşı xidmətin nəzarət etdiyi və İDEA İctimai Birliyinin təşəbbbüsü ilə yaradılmış çimərliklərdə vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilir. Xidmətin balansında olan xilasetmə texnika və vasitələr işlək vəziyyətə gətirilir. Xidmət iyunun 15-dən etibarən gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Məhz bu tədbirlərin nəticəsində iyunun 15-dən indiyə qədər 66 suda boğulma təhlükəsi ilə üzləşən şəxs tərəfimizdən xilas olunub. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən boğulma hadisəsi nəzərə alınmayıb”.

Qurum rəsmisi bildirib ki, bu mövzuda hər zaman vətəndaşlara müraciət ediblər:

“Hər zaman çimərlik seçimində diqqətli olmaq lazımdır. Əgər hansısa çimərlikdə xilasedici yoxdursa, xilasetmə üçün texnika və vasitələr mövcud deyilsə, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir. Məntiqlə də düşünsək, əgər biz çimərlikdə təhlükə ilə üz-üzə qalırıqsa, bizi sudan ancaq xilasedici çıxaracaq. Əgər xilasedici yoxdursa, deməli biz təhlükədə olacağıq. Düzdür FHN-in 112 telefon xəttinə hadisənin baş verdiyi ərazidən asılı olmayaraq məlumat daxil olarsa, biz dərhal xilasetmə əməliyyatlarına cəlb olunuruq. Ancaq yadda saxlamaq lazımdır ki, xilasetmə əməliyyatlarında saniyələrin də önəmi böyükdür. Bu baxımdan da diqqətli olmaq, xilasedicilər olmayan çimərliklərdən çəkinmək lazımdır. Bundan başqa xüsusilə bölgələrimizdə uşaq və yeniyetmələrin suvarma kanalları, çaylar, süni göllər, su arxlarında çimməsi və boğulması kimi hallarla qarşılaşırıq. Bildiririk ki, bu su hövzələri mürəkkəb relyefə, təhlükəli xüsusiyyətlərə, xürətli axına, məhdud görüntüyə səbəb olması bu ərazilərdə üzən insanların həyat və sağlamlığı üçün ciddi təhlükədir. Valideynlərə xüsusilə müraciət edirik ki, övladlarını nəzarətsiz buraxmasınlar”.

Verilən məlumata görə, hansısa ərazidə xilasedici yoxdursa, ora həm təhlükəli, həm də qadağan olunmuşdur:

“Bu birdəfəlik yadda saxlanmalıdır ki, xilasedici olmayan ərazidə hansısa hadisə baş versə həyatımız təhlükədədir. Ölkədə Xəzəryanı sahillərlə yanaşı çoxlu çaylar, su kanalları, göllər, su anbarları var. FHN bütün bu əraziləri xilasediciləri ilə təmin etmək mümkün deyil. Ona görə də xüsusi icazə verilən çimərliklərdə FHN-in əməkdaşları xidmət aparırlar. Təkcə Bakı şəhərində deyil, ölkənin digər şəhər və rayonlarında da xidmətin nəzarət etdiyi çimərliklər var. Buna misal olaraq Astara, Lənkəran, Neftçala, Siyəzən, Xaçmaz, Nabran ərazilərini və Mingəçevir su anbarını göstərə bilərik. Bundan əlavə Yevlax rayonunda, Şirvan şəhərində və Sabirabad rayonunda FHN-in sularda xilasetmə məntəqələri var. Həmin məntəqələrin ərazilərinə düşən çimərliklərdə bütün təhlükəsizlik tədbirləri həyata keçirilib”.