Haniyənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum oldu - Yatdığı otağa...

Raket birbaşa İsmayıl Haniyənin yatdığı otağa tuş gəlib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" nəşri məlumat yayıb.

Məlumatda baş verən hadisə İranın imicinə böyük zərbə vurduğu qeyd olunub.

"Bu o deməkdir ki, İranda olan istənilən İsrail düşməni açıq hədəf ola bilər", -deyə ABŞ nəşri bildirib.

Nəşr həmçinin maraqlı bir məqama diqqət çəkib. Belə ki, son illər İ.Haniyə Qətərdə yaşayırdı. Qətər İsraillə qeyri-rəsmi normal münasibəti olan ölkədir. İndiyə qədər Qətərdə heç bir HƏMAS rəsmisi öldürülməyib.

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyənin Tehranda qaldığı iqamətgaha Tehran vaxtı ilə gecə saat 2 radələrində birbaşa raket zərbəsi endirilib. Haniyə və mühafizəçisi olduqları yerə birbaşa zərbə nəticəsində həlak olublar.

HƏMAS sözügedən hücumla əlaqədar İsraili günahlandırsa da, rəsmi Tel-Əviv hələlik  bu ittihamlara münasibət bildirməyib.